BAKI, 20 okt — Sputnik. ABŞ-da noyabrda keçiriləcək prezident seçkisi öncəsi Respublikaçı Donald Trampla Demokratlar Partiyasının namizədi Hillari Klinton son dəfə canlı yayında debata çıxıb.
Sputnik ABŞ mətbuatına istinadən xəbər verir ki, teledebat zamanı Trampın gündəmində əsas yerdə dayanan məsələ İraq mövzusu olub.
Klinton və Trampa xarici siyasətlə bağlı suallar verilib. Mosul əməliyyatı ilə bağlı Trampa sual verildikdə, o, Obamanın İraqla bağlı xarici siyasətini kəskin şəkildə tənqid edib.
"İraqı İrana verdiniz. İran uzun müddət idi ki, bunu istəyirdi. Yaxında təşəkkür məktubu göndərəcəklər", — deyə etirazını bildirib.
Trampın Obamanın prezidentliyi dövründə "Obama rejimi" ifadəsi işlətməsi də diqqəti çəkən ifadələrdən biri olub.