BAKI, 20 okt — Sputnik. Avstraliya alimləri süni qan hüceyrələri yaratmağa nail olduqlarını açıqlayıblar. Merdok İnstitutundan olan mütəxəssislər öz eksperimentlərində süni materiallardan və kök hüceyrələrdən istifadə ediblər.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, hüceyrələrin hazırlanma prosesi 3 həftəyə yaxın vaxt aparıb.
Mütəxəssislər qeyd edib ki, onlar laboratoriyada alınan qanla göbək qanı hüceyrələri arasında böyük fərq hiss ediblər.
Buna baxmayaraq, faktın özü alimləri belə bir fikrə gətirib ki, hüceyrələri lazımi istiqamətdə inkişafa məcbur etmək olar.
Bioloqlar əmindirlər ki, bu ixtira qan köçürülməsinə ehtiyacı olan insanlara yardım edəcək. Əgər daha əvvəl qanın transplantasiyası yalnız donorlardan alınan qan hesabına baş verirdisə, indi süni qandan istifadə etmək mümkün olacaq.
Düzdür, hələlik mütəxəssislər bu istiqamətdə tədqiqatlarını davam etdirirlər.
Alimlər o qənaətdədirlər ki, bundan sonrakı mərhələ qan xərçəngi başda olmaqla müxtəlif qan xəstəliklərindən əziyyət çəkən xəstələrin biryolluq sağalması üçün tədbirlərin görülməsidir.