İlham Mustafa, Sputnik Azərbaycan
Göygöl şəhəri Babək küçəsində ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib. Hadisə nəticəsində 4 yaşlı Xədicə Abbasova və 2 yaşlı Tuncay Abbasov həyatını itirib. Azyaşlıların anası 1976-cı il təvəllüdlü Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğunu bildirilir.
Ailənin yaxınları tərəfindən Sputnik-ə verilən məlumata görə, küçədə qaz iyi hiss edən qonşular Abbasovlar ailəsinin qapısını döyüb. Cavab almadıqda pəncərələri sındıraraq evə daxil olublar. Lakin azyaşlıların xilas edilməsi üçün artıq gec olub. Qeyd edək ki, ailənin başçısı Vüsal Abbasov hərbçidir.
Göygöl rayon polis şöbəsində faktla bağlı araşdırmalar aparılır.