BAKI, 18 okt-Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan "ERA" və "AERO Vodochody" şirkətlərini ziyarət edib.
Sputnik mod.gov.az-a istinadla xəbər verir ki, Müdafiə nazirinə hər iki şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.
Qeyd edək ki, Zakir Həsənov "Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Çexiya Respublikasının Müdafiə naziri cənab Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib.
Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.
Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.