BAKI, 17 okt — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) istedadlı rəssamı Telman Şıxıyev daha bir müsabiqədə iştirak edərək qalib olub. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, teatrın əməkdaşı British Council, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş Azərbaycan "Şekspir Xalçası" müsabiqəsinin qalibi olub.
Dahi dramaturqun 450-ci ildönümü şərəfinə keçirilən müsabiqə cari ilin may ayında start götürüb. Müsabiqəyə may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox əl işi təqdim edilib. Müsabiqəyə təqdim edilən xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, həm də Azərbaycan ənənələrini əks etdirib. Müsabiqənin ümumi qalibi olan Telman Şıxıyev Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrına səhayət etmək imkanı qazanıb.
Qeyd edək ki, T.Şıxıyev 2016-cı ilin iyun ayında Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası "Qız Qalası" İncəsənət Qalereyası və "Berlin-Bakı" Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş "Almaniya bir rəssamın gözü ilə" sərgisində 3-cü yerə layiq görülərək Almaniyaya 10 günlük səfər etmək imkanı əldə edib.