BAKI, 17 okt — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Beynəlxalq Hüquq Konqresi"ndə İraq ordusunun başlatdığı "Mosul əyalətinin İŞİD-dən təmizlənməsi" əməliyyatından danışıb. Sputnik bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.
""Türkiyə Mosula girməsin" deyirlər. Bu, necə ola bilər?! Bölgə ilə əlaqəsi olmayan girir. Çünki Bağdad onlara "buyur, gəl" deyib. Sual verirəm. 14-15 il əvvəl Səddam Hüseyn onlara "gəlin" demişdi?", — Ərdoğan deyib.
O, Türkiyənin iştirak etmədiyi əməliyyatdan yarana biləcək nəticələrə görə ölkəsinin məsuliyyət daşımadığını bildirib: "Özlərinə də dedik: biz əməliyyatda da, danışıqlar masasında da olacağıq. O şəhərdə bizim qardaşlarımız var. Ona görə də, bu əməliyyat başlayarkən bizim kənarda qalmağımız qətiyyən mümkün deyil".
Prezident Türkiyə hərbçilərinin İraqın Mosul əyaləti yaxınlığındakı Başika rayonundan çıxmayacağını da vurğulayıb.