İlham Əliyev: Referendumda xalq siyasətimizə dəstəyini bir daha ifadə etdi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxış edir
Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

BAKI, 17 okt — Sputnik. “1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdi. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi”.

Sputnik-in məlumatına görə, bu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular: “1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, — halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, — bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik”.

Prezident İlham Əliyev bildirib ki, cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı: “1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik — 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi. İyun ayında Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başlamışdır. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanıb”.

Dövlət başçısı qeyd edib ki, əslində, müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının xüsusi yeri var: “1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır və siyasi mübarizə nümunəsini göstərib. Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə aparılmış siyasi islahatlar demokratiyanın inkişafına, insan haqlarının qorunmasına hesablanıb. Azərbaycan o illərdə beynəlxalq təcriddən çıxa bilmib. Çünki ölkəmiz haqqında dünyada informasiya yox idi. Ermənistan erməni lobbisinin imkanlarından istifadə edərək bizə qarşı qarayaxma kampaniyası aparırdı. Bizim isə cavab vermək, reallığı dünya birliyinə çatdırmaq üçün imkanlarımız yox idi. Yəni, beynəlxalq təcridə, informasiya mühasirəsinə son qoyuldu. Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi”.

"Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib", deyə Əliyev sözünə davam edib.

Dövlət başçısı bildirib ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir: “Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda — ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır”.

Prezident İlham Əliyev bildirib ki, iyirmi beş il böyük tarixdir: “Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram”.

Xəbər lenti
0