BAKI, 15 okt-Sputnik. Yel Universitetinin (Yale University School of Public Health) alimləri bəyan ediblər ki, kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş.
Sputnik xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislər tədqiqat apararaq kitabın insan ömrünü uzatdığını müəyyən ediblər. Həftə ərzində 3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür.
Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır.
İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır.
Üçüncüsü, kitab oxumaq yuxunun keyfiyyətini artırır. Yəni yuxululuqla yuxusuzluq arasındakı keçidi yüngülləşdirir ki, bunu da smartfonlar haqqında demək olmaz.
Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir. Mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər.
Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır.