BAKI, 15 okt — Sputnik. Son zamanlar kriminal hadisələrinin sayı günü-gündən artmaqdadır. Xüsusilə ailə münaqişəsi zəmnində bir çox insanlar öz həyatlarını itirir. Milli mentalitet, düşüncə ayrılığı, qisqanclıq zəmnində öz ailə üzvlərini öldürənlər də az deyil. Bir neçə gün öncə Sənubər Xəlilova (ad şərtidir) adlı xanım Sputnik-in redaksiyasına müraciət edərək qardaşı tərəfindən ölümlə hədələndiyini bildirib.
Sputnik-in əməkdaşı hüquqşünas Səməd Vəkilovdan belə hallarda vətəndaşın nə etməli olduğunu soruşub.
Vəkil bildirib ki, belə hallar tez-tez baş verir: “Bu zaman təhdid edilən kəs polisə müraciət edə bilər. Əgər təhdid edən şəxs sadəcə sözlərlə hədələyibsə, polis tərəfindən yazılı izahat alınacaq və ona xəbərdarlıq ediləcək.”
Səməd Vəkilov deyib ki, real həyat üçün təhdid varsa, yəni əlində hər hansı soyuq və ya odlu silahla vətəndaşa hədə-qorxu gəlinərsə, o zaman vətəndaş real təhdid edəni polisə şikayət edə bilər: "Bu zaman təhdid edən üçün hətta cinayət işi də açıla bilər.”
Hüquqşünas vətəndaşlara diqqətli olmağa və belə hallarla üzləşərlərsə sonradan faciə olmasın deyə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.