BAKI, 14 okt — Sputnik. Suriyanın Hələb şəhərindəki vəziyyətə görə Britaniya, Fransa və Almaniya daxil olmaqla, Avropa İttifaqının bir neçə ölkəsi Rusiyaya qarşı yenidən sanksiyalar tətbiq etmək imkanını təhlil edir. RİA Novosti-nin xəbərinə görə, bu haqda "Financial Times" qəzeti yazıb.
"Reuters" agentliyinin məlumatına görə isə, "Suriya sanksiyaları siyahısı"na 12 nəfərin əlavə olunması müzakirə olunur. Lakin sanksiya tətbiq etmək üçün Aİ-yə daxil olan 28 ölkənin hamısı bunu təsdiq etməlidir.
Britaniya, Fransa və Almaniya, həmçinin Suriya rejiminin 20-ə yaxın rəsmisinə sanksiyaların tətbiq olunmasını dəstəkləyir. "Reuters" qeyd edir ki, Aİ-nin sanksiya siyahısını genişləndirməsi Suriyanın Hələb şəhərinin bombalanmasına cavab ola bilər.
Fərdi sanksiyalar (İttifaq ərazisinə daxil olma qadağası və aktivlərin dondurulması) Suriyanın 70 hüquqi və 200 fiziki şəxsinə tətbiq olunub. Aİ onları "Suriya əhalisinin repressiyası"nda məsul hesab edir.
Bazar ertəsi Brüsseldəki diplomatik mənbə bildirib ki, sanksiyaların tətbiq imkanları Aİ ölkələrinin 17 oktyabr tarixində keçiriləcək görüşlərində müzakirə oluna bilər. Lakin Aİ-nin bu tarixdə sanksiya tətbiq etməsi ehtimalı, demək olar ki, yoxdur.
"The Wall Street Journal" isə qeyd edib ki, bu təşəbbüs hələ ilkin mərhələdədir və bunu etmək asan olmayacaq. Belə ki, bir çox Aİ ölkələri Rusiya ilə münasibətləri korlamaq istəmir, tam əksinə, onlar münasibətlərin normallaşması yolunu axtarırlar. Buna baxmayaraq Aİ ölkələri Hələbdə baş verənlərdə Rusiyanı günahlandırır və Suriyada vəziyyətin pisləşməsinin Avropaya yeni miqrant axınına səbəb olacağından narahatdır.
Son aylar Hələbdə vəziyyət son dərəcə pisləşib, şəhər və bölgələrdə ağır döyüşlər gedir. ABŞ mülki əhalinin və silahlı müxalifətin bombalanmasında Rusiya və Suriya hökumətini günahlandırır. Dəməşq və Moskva isə yalnız terrorçulara zərbələr endirildiyini bildirir.
Əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan etmişdi ki, ABŞ Suriyadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə öz növbəsində sanksiyaların tətbiqi üçün səbəbin olmadığı bildirib: "Çünki Rusiya Suriyada terrorizmlə qanuni mübarizə aparan yeganə ölkədir".