BAKI, 7 okt — Sputnik. Bundestaqın xarici siyasət komitəsinin rəhbəri Norbert Rettgen bəyan edib ki, Almaniya Suriyadakı situasiya ilə əlaqədar olaraq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə siyasətçi Süddeutsche Zeitung-a müsahibəsində deyib.
Rettgen əmin olduğunu bildirib ki, Moskva Suriyada baş verənlərin bədəlini ödəməlidir: "Nəticələrin olmaması və ağır hərbi cinayətlərə sanksiyalarla cavab verilməməsi böyük qalmaqal yaradardı".
Bununla belə, Rettgen digər Avropa ölkələrinin hakimiyyətlərinin ünvanına sərt ifadələr də işlədib. Deyib ki, "onlar şeyləri öz adı ilə çağırmağı arzu etmirlər" və "Rusiyaya qarşı lazımi tədbirlər görmürlər".
Daha əvvəl "The Wall Street Journal" federal hakimiyyətə yaxın mənbəyə istinadla yazmışdı ki, AFR kansleri Angela Merkelin nazirlər kabineti Moskvanın Suriyada keçirdiyi əməliyyatlara cavab olaraq yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kreml ona qarşı hər hansı məhdudiyyətlərin qoyulması üçün əsas görmür: "Çünki Rusiya yeganə dövlətdir ki, onun silahlı qüvvələri Suriyaya qanuni əsaslarla daxil olub".