BAKI, 14 okt — Sputnik. Prezident Vladimir Putin Rusiya Hava-Kosmik Qüvvələrinin aviasiya qruplarının Suriya ərazisində yerləşdirilməsinə dair Moskva ilə Dəməşq arasında razılaşmanın ratifikasiyası haqqında qanunu imzalayıb. Sputnik xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Federal qanun 26 avqust 2015-ci ildə Dəməşqdə Rusiya Federasiyası ilə Suriya Ərəb Respublikası arasında imzalanmış Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya qruplarının Suriya Ərəb Respublikası ərazisində yerləşdirilməsinə dair razılaşmanı ratifikasiya edir", — deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, sözügedən razılaşma Rusiyanın aviasiya qruplarının Suriya ərazisində mövcudluğu şərtlərini tənzimləyir. Bununla yanaşı, qeyd olunur ki, Rusiya aviaqrupu Suriya ərazisində Suriya tərəfinin xahişi ilə yerləşdirilib. Latakiyadakı Xmeymim aerodromunun infrastrukturu və zəruri ərazisi pulsuz olaraq RF-in aviaqruplarının istifadəsinə verilib.
Qanun Dövlət Duması tərəfindən 7 oktyabr 2016-cı ildə qəbul edilib və 12 oktyabr 2016-cı ildə Federasiya Şurasında təsdiqlənib.