ELM

Təhsil Nazirliyi 300-dən artıq uşaq bağçasını satıb

© yenigence.comUşaq bağçası
Uşaq bağçası - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Dövlət bu qədər yeni bağça aça bilmirsə, imkansız ailələrin övladlarını öz hesabına özəl bağçalara yerləşdirməlidir"

BAKI, 13 okt — Sputnik. Azərbaycanda dövlət uşaq bağçalarının çatışmazlığı ciddi problemə çevrilib. Bəzi valideynlər maddi imkansızlıqdan uşaqlarını özəl bağçalara qoya bilmirlər. Ayrıca, işləyən valideyn üçün bağça əvəzedilməzdir.

© Sputnik / Murad OrujovNadir İsrafilov
Nadir İsrafilov - Sputnik Azərbaycan
Nadir İsrafilov

Artıq neçənci dəfədir ki, Sputnik-in redaksiyasına bu problemlə bağlı məktublar daxil olur. Ötən günlərdə redaksiyamıza müraciət edən paytaxt sakini Rövşən Hüseynov bildirir ki, yaşadığı ərazidə övladını qəbul edən bağça yoxdur: "Neçə bağçaya müraciət etmişəm. Hamısından eyni cavabı almışam — "yerimiz yoxdur". Amma "əl altından" uşaq qəbul etdiklərini də eşitmişəm".

Problemi Sputnik-ə şərh edən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bağça çatışmazlığı bu gün ölkənin təhsil sahəsində ən böyük problemlərdən birinə çevrilib: "Hal-hazırda Azərbaycanda məktəbəqədər təhsil, yəni bağçalar böyük problemdir. SSRİ dövründə uşaq bağçalarında kifayət qədər olmasa da, əhalinin tələbatını qismən ödəyən səviyyədə uşaq bağçalar var idi. Müstəqillik əldə edəndən sonra Təhsil Nazirliyinin rəhbərliyi, səhvən və ya bilərəkdən 300-dən artıq uşaq bağçasını özəlləşməyə çıxardı, yaxud satdı. Özəlləşdirmə adı ilə ayrı-ayrı fərdi şəxslər, təşkilatlar bu bağçaları aldılar".

"Özəlləşdirmə buna xidmət edirdi ki, təyinat dəyişməməliydi, uşaq bağçası kimi fəaliyyəti davam etdirməli idi. Amma nə oldu? Bağçalar alınaraq söküldü və əvəzində gözəllik salonları, göydələnlər, şadlıq sarayları tikildi", — mütəxəssis bildirib.

N. İsrafilov qeyd edib ki, bu məsələlər təhsillə bağlı Dövlət Strategiyasında öz əksini tapıb: "Orda açıq-aşkar göstərilir ki, məktəbəqədər təhsil təminati çox pis vəziyyətdədir. Xüsusilə kəndlərdə vəziyyət daha pisdir. Ümumiyyətlə, əhalinin böyük qismi bu xidmətdən istifadə etmə imkanından məhrumdur. 2020-ci ilə qədər məktəbəqədər təhsilin səviyyəsinin artırılması qarşıya məqsəd qoyulub".

© © KarikaturaUşaq bağçasında yer axtaran valideynlərin dərdi
Uşaq bağçasında yer axtaran valideynlərin dərdi - Sputnik Azərbaycan
Uşaq bağçasında yer axtaran valideynlərin dərdi

Ekspert problemin obyektiv və subyektiv səbəblərin olduğunu diqqətə çatdırıb: "Bağça qıtlığından istifadə edərək, bağça müdirləri valideynlərdən pul almaq məqsədi ilə, onlara rədd cavabı verirlər. Ki, valideyn məcbur olub onlara rüşvət versinlər. Amma, valideynin hüququ var ki, bağçanın tabe olduğu icra hakimiyyətinə şikayət edərək həqiqəti ortaya çıxarsın".

© Photo : Şəxsi arxivindənRasif Dünyamalıyev
Rasif Dünyamalıyev - Sputnik Azərbaycan
Rasif Dünyamalıyev

Paytaxtda fəaliyyət göstərən özəl bağçalardan birini müdiri Rasif Dünyamalıyev də Sputnik-ə açıqlamasında bu gün bağça çatışmazlığının mövcud olduğunu dilə gətirib: "Bu problemi həll etmək üçün təkcə Bakı şəhərində 2000-dən çox bağça tikilməlidir. Dövlət özü də qəbul edir ki, məktəbəqədər təhsillə bağlı müəssisələr çatışmır. 80 % uşaq məktəbəqədər təhsilə cəlb edilə bilmir. Heydər Əliyev Fondu bu məsələ ilə bağlı 2014-cü ildə araşdırma apardı və proqram hazırlandı ki, bağçaların sayı artırılsın. Təkcə Bakı şəhərində, 100 uşaqdan artıq tutumu olan 2000-dən çox bağça tikilməlidir ki, uşaqlar bağçalara gedə bilsinlər. Amma bir bağçanın tikilməsi üçün böyük məbləğdə pul lazımdır. Deməli, 2000 bağçanın tikilməsi üçün ciddi maliyyəyə ehtiyac var".

Bağça müdiri vəziyyətdən çıxış yollarını belə izah edib: "Məktəbəqədər olan bağçalar sosial xidmət göstərir. Bu sosial xidmətdan, əsasən imkansız ailələr yararlanmalıdır ki, valideynlər işləyə bilsinlər. Öncəliklə bağçalara həmin ərazilərdə olan uşaqlar qəbul edilməlidir. İkinci tərəfdən, bağçalara gələn uşağın ailəsinin sosial təminatına baxılmalıdır. Bu gün bağça direktoru özü bağçaya uşaq qəbul edir. Amma bu, belə olmamalıdır. Məşğulluq idarəsi heç olmasa, 50 faiz hüquqa malik olmalıdır ki, uşaqları bağçalarla təmin etsin. Axı imkanı olmayan analar özəl bağçalara uşaqlarını qoya bilmir və məcbur özləri uşağa baxırlar ki, nəticədə işləyə bilmirlər".

R. Dünyamaliyev özəl bağçaların aylıq ödənişinin, ötən illərə nisbətən aşağı düşdüyünü də qeyd edib: "Özəl bağçalar arasında rəqabət çox olduğundan, artıq 300 manata çox keyfiyyətli xidmət göstərə bilir. Dövlət də 2000 yeni bağça aça bilmirsə, problemi qismən həll etmək üçün, sosial müdafiə mərkəzlərinin köməyi ilə özəl bağçalara sifariş verməlidir. Xüsusilə tənha və işləmək məcburiyyətində olan ananın övladını bağça ilə təmin etmək üçün hökümət dövlət bağçasında yer olmadığı halda, o uşağın özəl bağçada yerləşməsi üçün ödənişi üzərinə götürməlidir. Bu, dünya praktikasında var".

Xəbər lenti
0