BAKI, 13 okt — Sputnik. Repertuarında daim yeniliklər edilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı səhnə işi ərsəyə gətirilib. Kukla teatrının mətbuat xidməindən Sputnik-ə verilən məlumata görə, balacaların sevimli nağıllarının müəllifi Şarl Perronun məşhur "Qırmızıpapaq" əsəri özünün yeni səhnə həllini tapıb. Klassik nağıl nümunəsini teatrın baş rejissoru Qurban Məsimov səhnələşdirərək ona tam fərqli prizmadan baxmağa çalışıb.
Teatrın 85 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası oktyabrın 21-də (saat 14.00) baş tutacaq. Quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Elmira Hüseynova, Rəhilə İbadova, Cavid Telman, Elnur Xəlilov, Aygül Ağayeva, Samirə Nəcəfova, Sona Quliyeva, Vüsal Hüseynov və Araz Həsənov ifa edirlər.
Qeyd edək ki, bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Respublikanın Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Əməkdar artistlər Tünzalə Ağayeva, Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.