BAKI, 13 okt — Sputnik. Oktyabr ayının 7-də bitən həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyatlar nəzərə alınmadan) 4,9 mln. barrel və ya 1% artaraq 474 mln. barrelə çatıb. "APA-Economics" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqlamasında deyilir.
"Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak edən analitiklər ehtiyatların cəmi 0,65 mln. barrel artacağını proqnozlaşdırıb.
Bu statistika açıqlandıqdan sonra "Brent" markalı neftin 1 barrelinin dəyəri 1,1% azalaraq 50,9 dollara enib. Beləliklə, bu markadan olan neftin qiyməti oktyabr ayının 4-dən etibarən ilk dəfə 51 dollar səviyyəsindən aşağı düşüb.