BAKI, 12 okt — Sputnik. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ACCA (the Association of Chartered Certified Accountants — Sertifikatlı İctimai Mühasiblər Assosiasiyası) arasında müqavilə imzalanıb. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Universitetin Beynəlxalq İqtisadiyyat Məktəbinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan tələbələrə F1-F4, Maliyyə ixtisasının tələbələrinə isə F1-F3 dərəcələri üzrə azadolma təqdim ediləcək.
Bununla bərəbər, tələbələrə ACCA qeydiyyatı üzrə endirimlər də veriləcək. Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ACCA qeydiyyatından onlar üçün ayrılmış xüsusi kodlarla keçəcəklər.
ACCA-nın Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbəri Zhanetta Onyshchuk və biznez əlaqələri üzrə menecer Dmitri Şkolnikovla görüşdə UNEC və ACCA arasında əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib. UNEC rektoru, professor Ədalət Muradovun təklifi ilə ACCA-nın UNEC müəllimlərinə treninq keçməsi, UNEC ilə ACCA tərəfindən akkreditasiya edilmiş universitetlər arasında akedemik əlaqələrin yaradılması müzakirə edilib.
Qeyd edək ki, ACCA peşəkar mühasiblərin qlobal birliyidir. ACCA dünyanın istənilən yerində mühasibat uçotu, maliyyə və menecment sahələrində karyera qurmağa qadir və meyilli insanlar üçün biznes mühitinə müvafiq namizədlərin ilkin seçimi olan bir ixtisas dərəcəsidir.