BAKI, 12 okt — Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Vaşinqtonda təşkil etdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, bir jurnalist mətbuat konfransında, Türkiyə prezidenti Ərdoğanın Mosulun geri alması əməliyyatında türk əsgərlərinin iştirak edəcəyi və Ərdoğanın İraqın baş naziri əl-Abadiyə qarşı səsləndirdiyi ifadələrə Kirbinin münasibət bildirməsini istəyib.
"Bütün qonşu ölkələr İraqın ərazi bütövlüyünə hörmət göstərməlidir. Oradakı Türkiyə qoşunu beynəlxalq koalisiyanın tərkib hissəsi deyil", — Kirbi cavab verib.
Departament sözçüsü bildirib ki, Başikadakı vəziyyət İraq və Türkiyə hökumətlərinin həll etməsi lazım olan bir problemdir. ABŞ-ın Türkiyə ilə İraq arasındakı dialoqu dəstəklədiyini vurğulayan və Kirbi əlavə edib: "Bütün rəhbərlikləri öz ortaq düşmənləri və bizim ortaq düşmənimiz — İŞİD üzərində fokuslanmağa çağırırıq. Önümüzdəki günlərdə və həftələrdə bütün tərəflərin İŞİD-ə qarşı mübarizə üçün atacaqları addımları koordinasiya etmələrinin lazım olduğuna inanırıq".
Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan "Başikadan çəkilin" deyən İraqın baş nazirinə "Sənin hay-küyünə ehtiyac yoxdur. Sən mənim səviyyəmdə olan adam deyilsən. Biz bildiyimizi edəcəyik" cavabını verib.