BAKI, 10 okt — Sputnik. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiya Federasiyasının Perm şəhərində keçirilən II Beynəlxalq Martin MakDonax Teatr Festivalında uğurla çıxış edərək Vətənə dönüb. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, kollektiv artıq ikinci dəfə qatıldığı festivalda ölkəmizi adıçəkilən müəllifin "Lineynin trilogiyası"na daxil olan "Gözəllik kraliçası" tamaşası ilə təmsil edib.
Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Əməkdar Artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandırıblar.
Oktyabr ayının 1-dən — 7-dək davam edən festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak ediblər. Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 4-də öz tamaşasını nümayiş etdirib.
Tamaşadan sonra Festivalın Beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu "Gözəllik kraliçası"nı müzakirə edərək tamaşa, aktyor oyunu, rejissor həlli haqqında maraqlı fikirlər səsləndiriblər. Qeyd edək ki, tamaşa festivalın xüsusi diplomuna layiq görülüb.