BAKI, 9 okt — Sputnik. ABŞ Respublikaçılar Partiyasının rəhbərliyi sabah partiyanın Milli Komitəsinin iclasının çağırılması barədə qərar verib.
İclasda partiyanın ABŞ prezidentliyinə namizədi milyarder Donald Trampla bağlı məsələnin müzakirə olunacağı gözlənilir.
Milli Komitənin üzvlərinə göndərilən elektron məktubda müzakirənin predmeti göstərilməyib. Ancaq Milli Komitənin bəzi hüquqşünasları hesab edirlər ki, iclas D. Trampla bağlı son qalmaqalla bağlıdır və D. Trampın namizədliyinin ləğvi müzakirəyə çıxarılacaq. Respublikaçılar Partiyasının Milli Komitəsinin iclasları çox nadir hallarda və çox vacib məsələlərlə əlaqədar çağırılır.
Qeyd edək ki. Bundan əvvəl Respublikaçılar Partiyasının prezidentliyə namizədi D. Trampın başqa bir namizədlə əvəzlənməsi imkanlarını öyrəndiyi barədə məlumat yayılıb. Buna səbəb D. Trampın 2005-ci ildə qadınlar barədə söylədiyi təhqiramiz söhbətin ortaya çıxmasıdır. D. Tramp bunu inkar etməyib. Bununla belə, milyarder öz istəyi ilə heç bir halda seçki marafonundan çəkilməyəcəyini bəyan edib.