BAKI, 9 okt — Sputnik. Türkiyənin Hakkari bölgəsinin Şemdinli ərazisindəki Şemdinli-Yüksekova yolunda yerləşən hərbi postun qarşısında ağır terror aktı törədilib.
Anadolu agentliyinin yaydığı məlumata görə, avtomobilə yüklənmiş partlayıcının işə salınması nəticəsində 10 əsgər və 8 mülki şəxs həlak olub, 26 nəfər yaralanıb.
Bu bölgədəki Çukurca rayonunda törədilmiş digər terror hücumunda daha bir əsgər həlak olub.
Bildirilir ki, Çukurcada keçirilən aniterror əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Bundan başqa, ərazidəki mağaralardan birində 4 terrorçunun cəsədi aşkarlanıb.
Bölgədə havadan dəstəklənən geniş miqyaslı əməliyyatlar davam edir.