BAKI, 8 okt — Sputnik. Bu gün Gürcüstanda parlament seçkiləri ilə bağlı səsvermə keçirilir.
Ölkənin bütün bölgələrində yaradılan 3703 seçki məntəqələrində səhər saat 08:00-da səsvermə prosesinə start verilib. Prezident Georgi Marqvelaşvili Tiflisin Mtasminda seçki dairəsinə daxil olan, 47 saylı ictimai məktəbdə fəaliyyət göstərən 6 saylı seçki məntəqəsində, baş nazir Georgi Kvirikaşvili 24 saylı seçki məntəqəsində, parlamentin sədri David Usupaşvili paytaxtın Saburtalo rayonundakı 54 saylı seçki məntəqəsində seçki məntəqəsində səs veriblər.
Kvirikaşvili səs verdikdən sonra xalqı təbrik edib və bu günü vacib bir gün adlandırıb: “Mən şübhəsiz ki, bu vacib gündə ölkəmizin gələcəyini, vətəndaşlarımızın firavan yaşayışı naminə onun stabil demokratik inkişafını dəstəkləyirəm. Mən Gürcüstanın tez bir zamanda iqtisadi inkişafını, sağlam gəncliyi, yüksək təhsili və Avropa gələcəyini dəstəkləyirəm. Mən xoşbəxtəm və ümid edirəm ki, bu yol bizi xoş gələcəyə aparacaq”.
Qeyd edək ki, Gürcüstan parlamentində 150 yer uğrunda 19 partiya, 6 seçki bloku və müstəqil namizədlər yarışır. 73 deputat birmandatlı dairələrdən, 77 deputat isə proporsional qaydada parlamentə üzv seçiləcək. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.