BAKI, 7 okt — Sputnik. Moskva vilayətinin hakimiyyəti universiteti bitirib, bu ildən orta məktəblərdə müəllimlik fəaliyyətinə başlayan gənc pedaqoqlara 150 min rubl (təxminən 4 min manat) dəyərində birdəfəlik müavinət verəcək. Məqsəd müəllimlik peşəsinə gəncləri cəlb etmək və boş qalan vakant yerləri doldurmaqdır.
Belə təşəbbüslər nəinki Rusiyada, dünyanın bir çox ölkələrində reallaşır. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Dövlət vətəndaşını müəllim olmağa təşviq etmək üçün hansı stimullaşdırıcı təkliflər edir? Sputnik-in əməkdaşı bu suallara aydınlıq gətirməyə çalışıb.
"Mən 3 ildən artıqdır ucqar kənddə ibtidai sinif müəllimi işləyirəm. Yeni işə düzələndə alacağın maaşın 2 mislini birdəfəlik müavinət kimi aldım. Məktəb rayon mərkəzinə uzaq məsafədə yerləşdiyi üçün, üstəlik kommunal xərclər nəzərə alınaraq, əməkhaqqından əlavə 60-160 manatarası vəsait ödənilir", — Aynur Cavid.
Onun sözlərinə görə, kəndlərdə müəllim az olduğundan, dərs saatları çox olur və bu da əməkhaqqına təsir edir: "Bir sözlə, ucqar kənddə yaşamaq üçün dövlətin ödədiyi vəsait müəllim üçün yetərlidir. Eyni zamanda, dərs dediyim kənddə mənə bələdiyyə tərəfindən torpaq sahəsi də veriləcək".
İngilis dili müəllimi Röya Qurbanova isə, maaşdan əlavə ödənilən kompensasiyanın 5 illik olduğunu deyir: "Mən 380 manat alıram, onun 143 manatı kompensasiyadir. Beş ilədək bu kompensasiyanı alacam. Beş ildən sonra kompensasiya kəsiləcək. Və yerdə qalan məbləğ məni qane etmədiyi üçün, qalıb işimə davam etməyə dəyməyəcək".
"İşlədiyim kəndin ərazisində mənə torpaq sahəsi verilməlidir, amma sənəd işləri və dövlət rüsumuna pul lazımdır. Eyni zamanda kəndin ucqar hissələrində torpaq sahəsi təklif olunur. Kəndə yaxın yerlərdə olan torpaqlar artıq satılıb. Yəni, ucqar kənddə işləyən müəllimləri Təhsil Nazirliyi belə həvəsləndirir", — R. Qurbanova deyib.
Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, hazırda kənd məktəblərinin müəllimlə təminatı sahəsində vəziyyət, bir neçə il əvvəllə müqayisədə yaxşılaşıb: "Rayon mərkəzindən 20 km-dək məsəfadə yerləşən məktəblərdə işləyən müəllimlərin əmək haqlarına hər ay 60 manat əlavə edilir. Bu, onların kirayə haqları və kommunal xərcləri üçün yardımdır. Bundan başqa, 20 km-dən uzaq məsafədə yerləşən məktəblərdə işləyən müəllimlərə 60 manatdan əlavə, 100 manat da ödənilir. Əvvəl bu həvəsləndirici ödənişlər 3 il müddətinə edilirdisə, hökumətin 2014-cü ildəki qərarı ilə müddət daha 2 il uzadıldı, yəni 5 il oldu".
Onun sözlərinə görə, bundan əlavə, hökumətin qərarında yerli icra hakimiyyəti orqanlarına torpaq sahəsinin ayrılması ilə bağlı kömək göstərilməsi məsələsi də öz əksini tapıb: "Bu məsələlər Təhsil Nazirliyinə deyil, yerli icra hakimiyyətlərinə, bələdiyyələrə tapşırılıb, onlar məşğul olur. Bunların nəticəsində son illərdə kənd məktəblərini seçən gənc mütəxəssislərin sayında artım müşahidə olunur".
"Düzdür, inkişaf etmiş ölkələrlə müqayisədə, Azərbaycanda gənc müəllimlərə ödənilən əməkhaqqı və əlavə ödənişlərin məbləği azdır. Amma 10 il əvvəllə müqayisədə irəliləyiş var", — K. Əsədov qeyd edib.
Təhsil üzrə ekspert Rafiq İsmayıl isə, müəllimlərə ödənilən əməkhaqlarının yetərli olmadığı qənaətindədir: "Əksər xarici ölkələrdə müəllimləri təşviq etmək üçün xüsusi layihələr həyata keçirilir. Bizdə də bu cür tədbirlər görülməlidir. Əməkhaqlarında əsaslı artım olmalıdır. Əks halda müəllim işləmək istəyənlərin sayı günü-gündən azalacaq".
Mövzuya münasibətini öyrənmək üçün Təhsil Nazirliyinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da, zənglərimizə cavab verilmədi.