Yolçu Həsənov: "Afrika taunu"na görə bizdə epizootik vəziyyət sabitdir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Həsənov deyir ki, Azərbaycanda donuzlar arasında "Afrika taunu" xəstəliyinə görə epizootik vəziyyət sabitdir və bunun üçün ciddi nəzarət həyata keçirilir. “O xəstəliyə tutulan heyvanlar müalicə olunmur, basdırılırlar. Yəni, zərərsizləşdirilir, dezinfeksiya edilir, yandırılır.
Onun müalicəsini heç bir ölkədə aparmırlar. 2008-ci ildə bu xəstəlik Qəbələ rayonunun Nic kəndində aşkar edilib. Həmin vaxt oradakı bütün donuzlar zərərsizləşdirildi və orada 3 il donuz saxlanmasına icazə verilmədi. Həmin ərazidə bu xəstəliyin qarşısı alındıqdan sonra donuz saxlamağa icazə verilib. Amma bu şərtlə ki, donuzlar qapalı şəraitdə saxlanılsın, onlara verilən yemlər çiy deyil, bişmiş formada olsun. Bizdə çox böyük komplekslər yoxdur. Haradasa 50-60 donuzçuluq təsərrüfatları var. Onlara da tam nəzarət olunur”, — deyə o bildirib.