Onun sözlərinə görə, aşağı qiymət seqmentində siqaretin qiyməti 96 rubl, orta seqmentdə — 107 rubl, premium seqmentində isə 122 rubl təşkil edəcək. Bundan başqa, aksiz vergisi və xərclərin artımı səbəbindən istehsalçılar qiymətləri qaldırmalı olacaqlar.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, aksiz vergilərinin qalxması büdcənin birbaşa daxilolmalarını artırır: "Rusiyada da bu addımın atılmasının əsas səbəbi, məhz büdcədə yaranan problemlərin müəyyən dərəcədə aksiz vergilərin artması nəticəsində kompensasiya olunmasıdır".
Ekspertin sözlərinə görə, bir çox ölkələrdə spirtli içki və tütün məmulatlarına böyük vergilər tətbiq olunur: "Tütün məmulatları və spirtli içkilər hər hansı bir ölkədə qiymətlərin artımı üçün ən rahat sahədir, çünki bu, ciddi etirazlara səbəb olmur. Hökumət bunu sağlam həyat tərzinin təşviqi ilə əlaqələndirərək, qiymət artımını, daha çox insanları bu pis vərdişlərdən çəkindirmək üçün atdığını söyləyir".
"Məsələn, bir çox ölkələrdə böyük vergilər tətbiq olunur. Türkiyənin özündə hökumət bunu belə izah edərək son 10 ildə siqaretin qiymətini dəfələrlə qaldırıb və ətraf ölkələrdə ən baha siqaret Türkiyədə satılır", — iqtisadçı qeyd edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə isə, siqaretin qiyməti Azərbaycanda da qalxsa, daha yaxşı olar: "Mən tərəfdarıyam ki, siqaretlərin qiyməti yüksəlsin. Çünki siqaretlərin qiymətinin yüksəlməsi siqaretin əlçatanlığını azaldacaq. Təsadüfi deyil ki, bu ilin may ayından ölkədə satışı və istehsalı qadağan olunan, biri 40 qəpiyə olan təhlükəli siqaretlər istehsal olunmağa başlayıb. Biz xaricdə ekspertiza keçirmişik və məlum olub ki, bunların tərkibində çox təhlükəli maddələr var. Bu siqaretləri kiçik yaşlı uşaqlar da çəkirlər. Ona görə, mən tərəfdarıyam ki, siqaretlərin qiyməti 50% qalxsın. Təhlükəli malın qiyməti yuxarı olarsa, ona əlçatanlıq azalar və əhali siqaret çəkməkdən imtina edər. Belə bir şəraitdə mən siqaretin qiymətinin qalxmasını gözləyirəm və bunun da tərəfdarıyam".
Azərbaycanda tütün məmulatlarının kəskin qiymət artımı 2014-cü ildən sonra baş verdi — 2015-ci ildə siqaretlərin qiyməti bir neçə dəfə artdı. Natiq Cəfərlinin sözlərinə görə, yaxın gələcəkdə biz yenidən siqaretin qiymətində artım müşahidə edə bilərik: "Azərbaycanda da həm spirtli içkilərdə, həm tütün məmulatlarında qiymət və vergi artımı müşahidə oluna bilər. Gələn il biz bunun şahidi ola bilərik. Hökumət ən rahat qiymət artıra biləcəyi sahələrdən biri kimi, tütün və spirtli içkilərin qiymətini və vergilərini artırmaq yolunu tuta bilər".
Qeyd edək ki, hazırda Azərbaycanda siqaret çəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi (qeyd edək ki, ölkədə kişilərin sayı 4,5 milyon civarındadır. Bu isə o deməkdir ki, siqaret çəkənlər 2 milyon nəfərdən çoxdur — red.) gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində, ən azı 1-2 qutu siqaret çəkir.