BAKI, 6 okt — Sputnik. "Səudiyyə Ərəbistanı hökumətinin, Ümrəyə ilk ziyarət istisna olmaqla, gələn müsəlmanlardan 540 dollar əlavə pul istəməsi hər halda ədalətli bir qərar deyil. Amma Səudiyyə Ərəbistanının əlində belə bir motiv ola bilər ki, ziyarət edənlərin sayı həddindən artıq çox olduğuna görə, buna bir məhdudlaşdırıcı addım kimi baxır".
Bunu millət vəkili Fazil Mustafa Sputnik-ə açıqlamasında deyib. "Çünki, heç bir ölkə turistlərin, yaxud ziyarətçilərin sayının azalmasında maraqlı deyil. Hər hansı bir şəkildə ölkəyə, hətta Ümrə ziyarəti üçün pul ödəməyən vətəndaş belə gəlsə, onlar ölkədə pul xərcləyəcək, alış-veriş edəcəklər. Bu da Səudiyyə Ərəbistanının büdcəsinə daxil olan vəsaitdir", — deputat bildirib.
O, ehtimal edir ki, belə bir addım atılmasının əsas motivi bilavasitə sıxlıq ilə bağlıdır: "Görünür, daha çox insanın ziyarət etməsini məhdudlaşdırmaq üçün düşünülüb. Ona görə də özlərinin maraqları baxımından dövlətin aldığı qərardır. Amma Məkkə, təkcə Səudiyyə Ərəbistanının mülkiyyətində olan bir yer deyil, dünya müsəlmanlarının ziyarət etdiyi əsas yerdir. Ona görə də bu məsələdə güzəştli yanaşma daha doğru olardı. Məncə, bu, ədalətli qərar sayılmaz".
İlahiyyatçı İsmayıl Əhməd də bu fikirdədir ki, Səudiyyə hökuməti sıxlığın qarşısını almaq üçün bu qərarı qəbul edib. Bununla belə, mütəxəssis Sputnik-ə açıqlamasında bu addımın çıxış yolu olmadığını qeyd edib: "Bu, izdihamın qarşısını almayacaq. Bilmək lazımdır ki, məsələn, 4 milyon nəfər Həcc ziyarətində iştirak edirsə, bunun neçə faizi təkrar gedənlərdir. Əgər doğrudan da ciddi rəqəm varsa, 10 faiz və ya daha çoxdursa, bu tədbiri məqsədəuyğun hesab edirəm".
"Sıxlığın azaldılması üçün ciddi tədbirlər görülməlidir. Çünki, bu gün Məkkənin özü 4 milyon insanı tutmaq iqtidarında deyil. Müsəlman ümmətinin sayı artdıqca, ora gedənlərin də sayı artacaq. İldən-ilə say çoxalmaq üzrədir. Say artsa da, həcm tutumu eyni qalır", — teoloq vurğulayıb.
Onun sözlərinə görə, müqəddəs yerlərin ərazisi nə qədərdirsə, 10 ildən sonra da eyni qalacaq: "Amma 10 ildən sonra 1 milyard yarım müsəlmanın sayı artıq 2 milyard olacaq. Ərazi eyni vəziyyətdə qaldıqca heç nə dəyişməyəcək. Hansı tədbirlərin görülməsinə isə, dünya səviyyəli müsəlman alimlər qərar verməlidirlər".
Qeyd edək ki, Türkiyənin "Həcc və Ümrə Səyahət Agentləri Dərnəyi"nin üzvü olan turizm sektorunda çalışanlar Səudiyyə Ərəbistanı hökumətinin, Ümrəyə ilk ziyarət istisna olmaqla, gələn müsəlmanlardan 540 dollar əlavə pul istəməsinə reaksiya verib. Dərnəyin rəhbəri Mehmet Uzuner bu yeniliyi tənqid edib. "1000 dollardan başlayan Ümrə ziyarətinin təşkili üçün bu əlavə ödənişin tələb edilməsi ziyarətçilərə sıxıntıya salacaq. Bu, həm bizə, həm də bütün İslam aləmində Kəbəni görmək eşqiylə yola çıxacaq insanlara mənfi təsir edir", — Uzuner qeyd edib.
Onun sözlərinə görə, hazırda Ümrə ziyarətinə getmək üçün müraciət edənlərin sayında ciddi azalma yaşanır: "Qərarın yenidən nəzərdən keçirilməsini və dəyişdirilməsini tələb edirik. Ümrə ziyarətinə daha əvvəl gedənlərdən hər hansı bir ödənişin alınmamasını istəyirik".
Misir və İordaniya hökumətlərinin də qərara ciddi reaksiya göstərdiklərini və vətəndaşlarının Ümrəyə getməməsi istiqamətində qərar qəbul etdiklərini söyləyən Uzuner, ciddi narahatlıq içində olduqlarını deyib: "Din İşləri Nazirliyi də bu işdən xəbərdardır. İnşallah, onlar da üzərinə düşən vəzifəni həyata keçirəcəklər".