BAKI, 6 okt — Sputnik. Ermənistana verilmiş "İskəndər-E" kompleksləri Azərbaycanın neft infrastrukturuna xələl gətirə bilməz. Bunu Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlıq perspektivləri" mövzusunda keçirilən konfransda, rusiyalı hərbi ekspert Oleq Kuznetsov deyib.
Onun sözlərinə görə, Yerevanda paradda nümayiş etdirilən "İskəndər-E" kompleksləri yaxın hərəkət məsafəli raketləri olan modifikasiyadır: ""İskəndər" operativ-taktiki raketinin Ermənistan ordusunda yaranması məsələsinə toxunmaq istərdim. Bu məsələ Azərbaycan cəmiyyəti üçün maraqlıdır və müxtəlif səviyyələrdə, o cümlədən, sosial şəbəkələrdə müzakirə olunur. Ermənistanda hərbi paradda nümayiş olunan kompleksə diqqət yetirsək, onun "İskəndər-E" olduğunu görərik. Bu kompleks "İskəndər-M"dən fərqli və zəifdir. Əgər "İskəndər-M"in vuruş məsafəsi 500 km təşkil edirsə, "İskəndər-E" üçün bu məsafə 300 km-ə yaxındır".
"Onun məqsədi müəyyən hərbi obyektləri və ordu kütləsini məhv etməkdir. O, nə Bakının neft yataqlarına, nə hərbi və mülki hava limanlarına, nə də paytaxtın özünə zərbə endirə bilər. Bir-iki qərargah istisna olmaqla, Azərbaycan ordusunun yerləşdiyi ərazilər üçün bu kompleksin istifadə olunması məqsədsizdir", — deyə o bildirib.
Kuznetsov qeyd edib ki, bu kompleks istifadə olunarsa, Gəncə və Naxçıvanın mülki obyektlərinə zərər dəyə bilər: "Lakin bu, artıq irimiqyaslı hərbi əməliyyat deməkdir. Bilirsiniz ki, Azərbaycanın hərbi potensialı Ermənistanın imkanlarını altı, ən azı beş dəfə üstələyir. Bu, Ermənistanın hərbi-texniki və hərbi-siyasi məğlubiyyəti ilə yekunlaşacaq".
Belə olan halda, Rusiyanın bu kompleksi Ermənistana hansı məqsədlə verdiyi sualı ortaya çıxır. Ekspertin sözlərinə görə, bu addım erməni cəmiyyətini sakitləşdirməyə yönəlib: "Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistanda anti-Rusiya ab-havası müşahidə edilir. "İskəndər-E" kompleksinin Yerevanda paradda nümayiş etdirilməsi erməni cəmiyyətini sakitləşdirməyə yönəlmiş siyasi və psixolojı bir addım idi".
Qeyd edək ki, "İskəndər-E" ixrac edilən modifikasiyadır. Rusiya "İskəndər-M"i Ermənistana və ya digər ölkəyə sata bilməz. Əks halda bu, Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması anlamına gələr. 300 km-dən artıq vuruş məsafəsi olan raket kompleksinin münaqişə iştirakçısı olan dövlətlərə satılması beynəlxalq öhdəliklərin pozulması deməkdir.