BAKI, 6 okt — Sputnik. Ankara Avropa İttifaqının miqrasiya sazişi ilə nəzərdə tutulmuş 3 milyard avronu yubatmadan Türkiyəyə köçürəcəyinə ümid edir.
RİA Novosti-nin verdiyi xəbərə görə, bunu bu gün Ankarada mətbuat konfransında Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Biz Aİ ilə bir-biri ilə əlaqəli üç saziş imzalamışıq. Üç milyard avro gecikdirmədən köçürməlidir. Biz Aİ-dən cavab gözləyirik. Sazişlərimizi icra etməyə çağırırıq. Gəlin hamımızda narahatlıq yaradan prosesin qurbanı olmayaq”, — deyə nazir bildirib.
Qeyd edək ki, bu ilin martında Aİ üzvü olan 28 ölkənin liderləri və Türkiyənin o zamankı baş naziri Əhməd Davudoğlu “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qanunsuz miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin altı prinsipini razılaşdırıblar.
Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi, həmçinin, 3 mlrd avro vəsaitin ayrılması nəzərdə tutulub.