Türkiyə ilə İraq arasında siyasi qalmaqal yaşanır

© Photo : TRENDTürkiyə XİN
Türkiyə XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara: "Türkiyə illərdir İraqdan qaynaqlanan terror təhdidinə görə minlərlə vətəndaşını itirib, İraqdakı məzhəbçi yanaşmalar üzündən yaşanan qərarsızlıqların acı nəticələrini yaşayıb"

Bakı, 5 okt — Sputnik. İraq parlamenti Türkiyə Böyük Millət Məclisinin türk əsgərlərinin İraqda qalma müddətini uzatması ilə əlaqədar verdiyi qərarı qəbul etməyib. Rəsmi Ankara məsələ ilə bağlı yazılı açıqlama verib. "Türkiyə ilə bağlı təqsirləndirici fikirləri, xüsusilə, dövlət başçımıza atılan çirkin ittihamları kəskin şəkildə qınayırıq. Bunlar qəbuledilməzdir", — açıqlamada deyilir.

Sputnik türk mediasına istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında daha sonra bunlar qeyd olunub: "Ölkəmiz illərdir hər mövzuda əlindən gələn bütün imkanlarla İraq hökumətinə və xalqına dəstək olmağa çalışıb. Milli təhlükəsizliyə təhdid gördüyü İŞİD-lə ilk gündən bu yana Türkiyə qətiyyətlə mübarizə aparır və beynəlxalq koalisiya yaranandan bu günə onun bir üzvü olaraq koalisiyanın səylərini dəstəkləyir. Türkiyə illərdir İraqdan qaynaqlanan terror təhdidinə görə minlərlə vətəndaşını itirib, İraqdakı məzhəbçi yanaşmalar üzündən yaşanan qərarsızlıqların acı nəticəsini yaşayıb".

XİN-in açıqlamasında bildirilir ki, İraqın ərazi bütövlüyü, suverenliyi, sabitliyi və təhlükəsizliyi üçün lazım olan böyük siyasi və iqtisadi vəzifələri Türkiyə boynuna götürüb: "Bu günə qədər İraqa Türkiyədən heç bir təhdid olmayıb. İraq parlamentinə xatırlatmaq istəyərdik ki, Türkiyə Böyük Millət Məclisinin bu qərarı ilk dəfə deyil. Birinci dəfə belə bir qərar 2007-ci ildə qəbul edilib. İllərdir bu qərara etiraz etməyən İraq Nümayəndələr Məclisinin terrorun İraq və Türkiyədə bu qədər can aldığı bir dövrdə bunu yeni bir fikir kimi gündəmə gətirməsi maraqlıdır. Bəzi iraqlı rəsmilərin fitnəkar ittihamlarından Türkiyə hökuməti narahatlıq duyur".

Xatırladaq ki, İraq parlamenti dünən Türkiyənin İraqdakı elçiliyinə nota göndərib, İŞİD-ə qarşı könüllülərə hərbi təlim verən türk əsgərlərini "işğalçı güclər" adlandırıb, Rəcəb Tayyib Ərdoğanın şərhlərini qınayıb və Türkiyə ilə ticarət və iqtisadi əlaqələrin təkrar nəzərdən keçirilməsini İraq hökumətindən tələb edib.

Xəbər lenti
0