Masallının Boradigah qəsəbəsində yaşayan Ağayev Taleh Nurəddin oğlu bu gün ölkəmizdə misgərlik sənətini yaşadan az sayda ustalardan biridir. Usta Taleh nəinki Masallıda, bütün cənub bölgəsində tanınır.
Usta mis qabların necə hazırlanmasını belə izah edir: "Mis, yaxud bürünc material müxtəlif qabların formasını alır, sonra onun üzərində diyircəkli qələm və ya markerlə eskizini çəkirəm. Ardınca onun bəzəklərini döymə üsulu ilə işləyirəm. Yaxud da əksinə, öncə qabın bəzəyi hazırlanır, sonra döyülərək formaya salınır".
T. Ağayev sənətin "kaprizlərinə" də toxunur: "Bürünc səhvi bağışlamır. Misə nisbətən daha yumşaq, yəni daha elastik metaldır. Ona görə də bürüncdən qabların hazırlanması daha çox vaxt və diqqət tələb edir. Bürünc qablarda bəzək döymələri vurarkən, daha çox dəqiqliklə işləmək lazım gəlir ".
Onun xarici ölkələrdən də müştəriləri olur. İrandan, Rusiyadan, Türkiyədən və hətta Almaniyadan da ona sifariş verənlər var. Xüsusilə qeyd etmək yerinə düşər ki, ustanın hazırladığı qapaqlı plov qazanı Rusiyada yaşayan həmyerlilərimiz tərəfindən alınaraq, Sankt-Peterburq merinə hədiyyə edilib.