BAKI, 5 okt — Sputnik. "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Genetik Modifikasiya Olunmuş məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə "GMO-ya yox deyək!" tədbiri keçirilib. Sputnik xəbər verir ki, tədbirdə ilk olaraq çıxış edən Texniki-Humanitar Liseyinin direktoru Səidə Zeynalova təmsil etdiyi təhsil müəssisənin tarixindən bəhs edərək, onun yenicə təmir olunduğunu və təhsil üçün gözəl şərait yaradıldığını vurğulayıb.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü təşkilatın gördüyü işlərdən danışıb. O, GMO-nun zərərlərindən və onun milli təhlükəsizliyimizə təhdid olmasından söz açıb. M. Göyüşlü ictimaiyyəti, xüsusən də ziyalıları bu problemə qarşı aktiv mübarizəyə səsləyib.
Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov cəmiyyətimiz üçün mövcud olan təhlükələrə toxunub. O, bu sırada GMO-nun ilk sırada dayandığını, gələcəkdə çox böyük bəlalar törədəciyini qeyd edib.
Təhsil Nazirliyinin əməkdaşı Afət Süleymanova hazırda icra etdikləri "Sağlam təhsil, sağlam millət" layihəsi haqqında ətraflı bəhs edib. O, bu layihənin Bakı və Sumqayıt şəhərlərindəki 35 məktəbi əhatə etdiyini açıqlayıb və gələcəkdə hər iki layihəni icra edənlərin birgə fəaliyyət göstərməsini təklif edib.
Azərbaycan Tibb Universitetinin dosenti Şəhla Balayeva şagirdlərin düzgün qidalanma problemlərindən söz açıb. O, yanlış qidalanmanın immuniteti, zehni inkişafı zəiflətdiyini qeyd edib.
Tədbir Liseyin şagirdlərinin musiqi və rəqs nömrələri ilə başa çatıb.