CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Problemli kreditlərlə bağlı cinayət işləri qaldırıla bilər"

© Sputnik / Murad OrujovProblemli kredit
Problemli kredit - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bankların problemli kreditlərinin mütləq əksəriyyəti elə bank sahiblərinin və onu idarə edən şəxslərin yaxın adamlarına, şirkətlərinə verdiyi kreditlərdir"

BAKI, 5 okt — Sputnik. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1,592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. Sputnik Azərbaycan Mərkəzi Bankının (AMB) saytına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9% və yaxud 88,5 mln. manat çoxdur.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,6%, illik müqayisədə isə 19,4% artıb. Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət iyulun sonunda 9%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,6% olub.

Məsələ ilə əlaqədar bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, açıqlanan rəqəmlər həqiqətə uyğun deyil, rəqəmlər azaldılır: "Sadəcə banklar az ehtiyat yaratmaq, özləri haqqında mənfi rəyin olmaması üçün problemli kreditlərin həcmini azaldırlar. Hesab edirəm ki, problemli kreditlərin həcmi artan xətlə davam edəcək. Çünki, bu sahədə heç bir adekvat tədbir görülmür. Dövlət deyir ki, "buna qarışmıram", banklar deyir ki, "bizim pulumuz yoxdur və güzəştə getmirik". Müştərilərin də pulu yoxdur və çoxunun krediti dollarladır".

"Hətta pulu olan belə, vermək istəmir. Çünki, yaranmış vəziyyəti ədalətsiz hesab edir. Deyir ki, krediti götürəndə onun məzənnəsi 0,78 idi, indi ən azı 1,62 olub. Yəni, niyə verməliyəm. Belə hallar var və heç bir tədbir görülmür", — ekspert qeyd edib.

Vəziyyətdən çıxış yoluna gəlincə: "Bankların problemli kreditlərinin mütləq əksəriyyəti elə bank sahiblərinin və onu idarə edən şəxslərin yaxın adamlarına, şirkətlərinə verdiyi kreditlərdir. Yəni, əvvəlcədən elə o fikir ilə verilib ki, qayıtmasın. Sadəcə devalvasiyadan qabaq başqa müştərilərə əlverişsiz, yüksək faizlə verdiyi kreditlərin hesabına problemləri də ört-basdır edə bilirdilər. Yəni, o birilər kredit borclarını qaytarırdılar. Amma indiki problem bunların hamısının üstünü açıb. Nə onlar krediti qaytarır, nə də bunlar qaytara bilirlər".

Ə. Həsənovun fikrincə, dövlət bütün banklarda yoxlamalar aparmalıdır: "Müəyyən etməlidir ki, hansı bankda həqiqətən nə qədər problemli kreditlər var və onların hansı hissəsi elə bank sahiblərinin öz yaxınlarına verdiyi kreditlərdir. Bunu da müəyyən etmək çətin deyil. Elə müqavilə şərtləri ilə tam müəyyən etmək olur ki, niyə belə əlverişli şərtlə kredit verilib, girov niyə az götürülüb, tez verilib, biznes-plan götürülməyib, kredit xeyli müddətdir ki, qaytarılmır, amma bank məhkəməyə verməyib və s. Yəni, dövlət bunları müəyyən edəndən sonra cinayət işi də qaldırıla bilər ki, kredit təyinatı üzrə istifadə edilməyib".

Xəbər lenti
0