Şahpəri Abbasova, Sputnik Azərbaycan
Balakəndə 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Balakən rayon Yol Polisi şöbəsindən verilən məlumata görə, hadisə səhərə yaxın, saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəxsiyyəti hələlik naməlum olan sürücünün idarə etdiyi "Pejo" markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.
Qəza baş verən anda avtomobilin sürücüsü və şəxsiyyəti hələ ki məlum olmayan daha 3 nəfər hadisə yerində ölüb. Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.
Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsindən Sputnik-in əməkdaşına bildirildiyinə görə, qəzada ölənlərin hamısı kişi cinsindəndir və Balakən rayon sakinləridir. Onların şəxsiyyəti müəyyən olunduqdan sonra meyitləri dəfn üçün ailələrinə təhvil veriləcək.
Qəza faktı ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.