BAKI, 3 okt — Sputnik. Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin beynəlxalq premyerası keçirilib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmin nümayişi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında keçirilib. Qazaxıstanda keçirilən festival çərçivəsində bu ekran əsəri üç dəfə nümayiş etdirilib. Festivala dəvət alan ssenari müəllifi və quruluşçu rejissor Mirbala Səlimli filmin nümayişləri və mətbuat konfranslarında iştirak edib.
Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Filmin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
Əsas rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqaları çəkiliblər.