BAKI, 3 okt — Sputnik. "Azərbaycan İpoteka Fondu" ASC 2016-ci ilin sentyabr ayının yekunu üzrə göstəricilərini açıqlayıb. İyun-avqust aylarında olduğu kimi, sentyabr ayında da ipoteka kreditləşməsi tamamilə dayanıb.
Nəticədə oktyabr ayının 1-ə ölkədə, ümumi məbləği 730 802,4 min manat olan 17 997 ipoteka krediti verilib. İlin əvvəlində isə ipoteka kreditlərinin sayı 17 925, ümumi məbləği isə 729 737,5 min manat idi.
Başqa sözlə, ilk yarım ildə ölkədə cəmi 72 ipoteka krediti verilib. Ümumilikdə bu il ərzində ipoteka kreditlərinin sayı kəskin azalıb. Belə ki, may ayında ümumi məbləği 100 min manat olan 2 ipoteka krediti, apreldə isə ümumi məbləği 93 min manat olan iki ipoteka krediti verilib.
Müqayisə üçün bildirək ki, ötən il iki devalvasiya olmasına baxmayaraq, ümumi məbləği 97 274 min manat olan 2146 ipoteka krediti verilmişdi. 2014-cü ildə isə 99 927,7 min manat məbləğində 2 275 ipoteka krediti verilib.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik-ə açıqlamasında deyib ki, ipoteka kreditinin verilməməsinin bir neçə səbəbi var: "Birincisi Azərbaycanda İpoteka Fondu ləğv edilib. "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və bunun hazırda əsasnaməsi, nizamnaməsi, strukturu müəyyənləşdirilir. Eyni zamanda, növbəti dövrlər üçün inkişaf yol xəritəsi hazırlanır. Onların maliyyə bazarlarında hansı formada iştirak edəcəyi müəyyənləşdirilir. İkinci səbəb dövlət büdcəsindən bu istiqamətdə ayırmalar ilə bağlı problemlərin ortaya çıxmasıdır. Çünki, büdcə xərcləmələrinin məhdudlaşdırılması istiqamətində addımlar atılır".
Üçüncü səbəbə gəlincə: "İpoteka strategiyası ilə bağlı yeni sərəncamın imzalanması, qərarların qəbul edilməsi və bu sərəncama görə ipoteka faizlərinin, sənədləşmə prosedurunun həyata keçirilməsi ilə bağlı tələblərin icrası üçün zamanın tələb olunması məsələsi var. 4-cü səbəb Azərbaycanda sosial mənzillərin tikintisi ilə bağlı müəyyən addımların atılmasıdır".
"Eyni zamanda, ipoteka kreditinin verilib-verilməməsinin əslində aztəminatlı ailələr üçün heç bir ciddi əhəmiyyəti yoxdur. O baxımdan ki, aztəminatlı ailələr indiyədək ipotekalardan demək olar ki, yararlana bilməyib. Çünki, cəmi 2 faiz kredit götürən vətəndaş 300 manatdan aşağı gəliri olandır. Cəmi 5 faiz vətəndaş isə 500 manatdan aşağı gəliri olandır. Hər 100 ipotekadan, təxminən 38-39-nu, məhz 1100 manatdan yuxarı gəliri olan vətəndaşlar alıblar. Bu da, əslində ipoteka siyasətinin fəlsəfəsinə uyğun olmayan bir mənzərənin yaranmasına gətirib çıxardıb".
R. Həsənovun sözlərinə görə, digər bir mühüm məqam hazırda ümumiyyətlə, kreditləşmə ilə bağlı problemlərin mövcudluğu ilə bağlıdır: "Son iki ildə iqtisadiyyatda müşahidə olunan durğunluq əhalinin gəlirlərinə, kredit ödəmə qabiliyyətinə ciddi mənfi təsir göstərib. Belə olan təqdirdə müvəkkil banklar daha ehtiyatlı mövqe tutmaq məcburiyyətində qalır. Bütövlükdə bu səbəblərdən ipoteka kreditləşməsi demək olar ki, dayanıb".