CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərzaq bazarında ciddi qıtlıq yaranacaq

Abunə olmaq
Mütəxəssislər gömrük rüsumlarının artırılmasının doğuracağı nəticələri şərh edirlər

BAKI, 3 okt — Sputnik. "İndiyədək Azərbaycanda müəyyənləşdirilmiş gömrük rüsumları əslində real vəziyyəti əks etdirmirdi. Yəni, ölkəyə daxil olan məhsullar üçün ödənilən haqlar fərqli formada həyata keçirilirdi. Bu baxımdan rüsumların heç bir ciddi əhəmiyyəti yox idi. Amma sonradan gömrük sistemində həyata keçirilən antikorrupsiya tədbirləri, yeni qaydaların fəaliyyətə başlaması nəticəsində hazırda bu sahədə dəyişikliklərə ciddi ehtiyac var idi".

© Photo : SİA IAЭксперт-экономист Рашад Гасанов
Эксперт-экономист Рашад Гасанов - Sputnik Azərbaycan
Эксперт-экономист Рашад Гасанов

Sputnik-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov belə deyib. Gömrük rüsumlarının qaldırılmasını şərh edən mütəxəssisin fikrincə, əvvəlki dövrlərdə çox ziddiyyətli məqamlar ondan ibarət idi ki, bir çox hallarda ölkə daxilində istehsal olunan məhsullar üçün çox aşağı dərəcəli idxal rüsumları tətbiq edilirdi: "Ölkədə istehsal olunmayan və yaxud da hansısa istehsal sahəsində mühüm əhəmiyyət daşıyan xammallar üçün isə yüksək rüsumlar tətbiq olunurdu. Bu baxımdan atılan addımı müsbət qiymətləndirirəm".

"Ona görə ki, əsasən seçilmiş məhsullar yerli istehsal səviyyəsi və yaxud potensialı yüksək olan sahələrdir. Məsələn, siyahıya daxil olan qoz, fındıq, üzüm, alma, xurma kimi məhsullar Azərbaycanın kənd təsərrüfatı sektorunda kifayət qədər müqayisəli üstünlüyə malik məhsullardır. Dünya bazarlarında da müqayisəli üstünlüyü var. Avropa bazarlarında bu məhsulların çıxarılması və eyni zamanda, ölkənin ixracında ciddi paya malik olması bunu deməyə əsas verir", — R. Həsənov qeyd edib.

Digər məhsullara gəlincə: "Məsələn quş əti, yumurta və s. bu istiqamətdə Azərbaycanda kifayət qədər böyük potensial var. Quşçuluq müəssisələrinin sayı həddindən artıq çoxdur. Hazırda, təxminən ölkənin ehtiyacı 100 min tondur. Bunu da yerli istehsalçılar rahat şəkildə təmin edə bilir. Rüsumların yüksək səviyyədə tətbiq edilməsi növbəti dövrlərdə bu sektorun daha da canlanmasına gətirib çıxarda bilər".

Bununla belə, iqtisadçı yeni qərarın mənfi tərəflərinin olacağını da istisna etmir: "Belə ki, artıq bazarlarda bu sahələrdə fəaliyyət göstərən subyektlər çalışacaq ki, qiymətləri bahalaşdırsınlar. Növbəti dövrlərdə məhsulların qiymətinin bahalaşması ümumilikdə ölkədə istehlak məhsullarının qiymət indeksinə mənfi istiqamətli təsir göstərə bilər. Çünki, bu məhsulların bir çoxu gündəlik tələbat mallarıdır. Məhz bu prizmadan məsələyə yanaşdıqda hökumət müəyyən qədər balanslaşdırıcı addımlar atmalıdır. Eyni zamanda, hökumət yerli sahibkara onu göstərməlidir ki, biz prosesi təşviq etsək belə, əgər hər hansı bir mənfi yanaşmalar, sui-istifadə halları müşahidə olunarsa, o zaman əks prosesin də çox sürətli tətbiqini həyata keçirə bilər. Belə ki, məsələn, quş ətinin ölkəyə idxalı ilə bağlı rüsumun artırılması ölkə daxilində quş ətinin qiymətinin kəskin bahalaşmasına gətirib çıxardarsa, bu sektor iştirakçıları vəziyyətdən sui-istifadə edərsə, o zaman əks addımın atılması üçün heç də qərarın qüvvədə olduğu iki il müddətini gözləmək lazım deyil".

"Ən qısa müddətə cavab tədbiri olaraq rüsum aradan qalxmalı və ölkəyə daxil olan məhsulun maya dəyərinin daha da azalmasına gətirib çıxardan tədbirlər görülməlidir. Hökumət çalışmalıdır ki, tənzimləyici funksiyalarından kifayət qədər çevik istifadə etsin", — ekspert vurğulayıb.

© Photo : Qalib Togrulİqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul - Sputnik Azərbaycan
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul da şəxsi "Facebook" səhifəsində məsələyə toxunub: "Bu qərardan yalnız dövlət, o da istehlakçının itirdiyi qədər qazanacaq. Bəzi mal qrupları üzrə idxal gömrük rüsumları artırıldı. Nazirlər Kabinetinin qərarından belə çıxdı ki, təklif İqtisadiyyat Nazirliyindən daxil olub və Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi ilə razılaşdırılıb. Gömrük rüsumların artırılması və advalor (malların gömrük dəyərinə nisbətən faizlə hesablanan) rüsumlardan spesifik (mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan) rüsumlara keçid və ya onların birlikdə tətbiqi "Gömrük Məcəlləsi"ndə və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulub".

"Qərarın məqsədi tarif tənzimlənməsi həyata keçirilən mal qrupları üzrə (ət və qida üçün yararlı ət əlavələri, süd məhsullari, quş yumurtası, təbii bal, bəzi heyvan mənşəli ərzaq məhsulları, tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları, tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları, spirtsiz içkilər və sirkə, kükürd, torpaq və daş, suvaq materiallari, əhəng və sement, keramika məmulatları) milli iqtisadiyyatın qorunması və təşviqidir. Bu, mümkün olacaqmı?", — deyə ekspert sual edir.

O, yekunda yazıb: "Məncə, qərarın aşağıdakı nəticələri qaçılmazdır:

1. Dövlət və özəl sektor bu qərardan istehlakçının itirdiyi qədər qazanacaq. İqtisadi qanunlar deyir ki, idxaldan dövlət, istehsaldan milli biznes faydalanmalıdır. Ancaq milli biznesin qazanması böyük ölçüdə şübhə altındadır. Bu, çox güman ki, baş verməyəcək. Bunun səbəbləri barədə növbəti nəticələrdə danışılacaq. Dövlətə gəlincə, gömrük rüsumlarının artması idxalçının xərclərini artıracaq ki, bu da son nəticədə istahlakçının cibindən çıxacaq;

2. İdxal tarifləri yüksələn məhsullar üzrə qiymətlər artacaq. Tariflərin artmasında məqsəd yeri istehsalın təşviqi olsa da, bu iki səbəbdən mümkün olmayacaq. Birincisi, milli biznes həmin məhsullar üzrə əvvəllər idxalın ödədiyi payı istehsal etmək gücündə deyil, buna maddi və texnoloji imkanları yoxdur, ikincisi, bu halda bazarda idxalın payı əhəmiyyətli şəkildə azalsa belə, məhsul çatışmazlığı və tariflərin yüksəlməsi inflyasiyanı təşviq edəcək;

3. Tariflər yüksələn məhsullar üzrə yerli istehsalçıların xərcləri artacaq. Bunu inflyasiya və milli biznesin bazarın tələbinə uyğun həcmdə məhsul istehsalına hazir olmaması şərtləndirəcək;

4. Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi aşağı düşəcək. İstehsal olunan yerli məhsullar eyni xarici istehsalla müqayisədə müqayisəli üstünlüyə malik olmaq imkanını itirəcək;

5. Tarifləri yüksələn məhsulların satış həcmi əhəmiyyətli dərəcədə ixtisar olunacaq. Manatın dəyərini itirməsi fonunda alıcılıq qabiliyyəti aşağı düşən yerli alıcıya qiymətlərin yüksəlməsi ikinci zərbə olacaq;

6. Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü daha da yubanacaq. Bu tip inzibati proteksionist tədbirlər DTT-nin azad ticarət və dotasiyasız milli iqtisadiyyat prinsiplərinə ziddir;

7. Tariflərin artması hesabına artan büdcə vəsaitlərinin yerli istehsalçıların xeyrinə yenidən bölüşdürülməsi prosesi ölkədəki mövcud idarəetmə sisteminin təkmil olmaması səbəbindən gözlənilən səmərəni verməyəcək;

8. Sosial baxımdan həssas qrupların vəziyyəti daha da ağırlaşacaq. Son gömrük tarifləri tənzimləməsi nəticəsində onların inflyasiyanın yeminə çevriləcək gəlirlərini daralmış büdcənin ixtisar olunmuş sosial müdafiə xərcləri kompensasiya edə bilməyəcək".

Aydın Əliyev, gömrük komitəsinin sədri - Sputnik Azərbaycan
Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb

Xatırladaq ki, Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib. Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.

Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.

Xəbər lenti
0