BAKI, 2 okt — Sputnik. Oktyabrın 2-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşıb.
Heydər Əliyev Fondundan verilən məlumata görə, Fondun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgidə 8 ölkədən 25 incəsənət nümayəndəsinin əl işləri nümayiş olunur. Ümumilikdə, 5 il ərzində “Tullantıdan sənətə” sərgisində 30 ölkədən 80-dən çox sənət adamı iştirak edib. Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “canlanıb”. Açılış mərasimində “Tullantıdan sənətə” sərgisinin 5 illiyi münasibətilə videokadrlar nümayiş etdirilib.
Xatırladaq ki, “Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində həyata keçirdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində təşkil olunur. Layihə əsasında qəsəbədə tullantıların idarə olunması müasir standartlara cavab verən üsulla aparılır. Qeyd edək ki, 2015-ci ildən etibarən Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Ziyarətçilər burada tullantılardan yaranan müxtəlif əsərlərlə tanış ola bilər.
Oktyabrın 12-dək davam edəcək V Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olmaq istəyənlər üçün oktyabrın 3-dən etibarən 3 gün ərzində saat 12:00-da “İçərişəhər”in Qoşa Qala qapısından “Qala” qoruğuna avtobus yola düşəcək.