BAKI, 30 sen — Sputnik. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb. Sputnik-in məlumatına görə, qərar layihəsində deyilir:
"Avropa Parlamentinin 2015-ci ilin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub. Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Həmin qərara əsasən Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmaması qərara alınıb. Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.
2016-cı ilin aprel ayında Avropa Parlamentinin rəhbərliyi Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest PA-nın nümayəndə heyətini Azərbaycana ezam edib. Bu istiqamətdə danışıqların davam etdirilməsi üçün sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib.
Səfərin yekunlarına əsasən qəbul edilmiş bəyanatda Avropa Parlamentinin nümayəndə heyəti bir ildən bəri Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun olmamasından təəssüfləndiyini bildirib, qarşılıqlı münasibətlərin kəsilməsinə gətirib çıxara biləcək hər hansı halın gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Milli Məclis Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün 2015-ci il 14 sentyabr tarixli qərarın 10-cu və 11-ci maddələrini qüvvədən düşmüş hesab edir".
Qərar layihəsi səsə qoyularaq qəbul edilib.