Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətləri müsbət trenddədir və bir neçə istiqamətlər üzrə inkişaf edir: "Bizim dövlət qurumları səviyyəsində çox yaxşı və səmərəli münasibətlərimiz var. Mən, hətta bizim rəsmilərdən eşidirəm ki, Azərbaycanla Rusiya arasındakı təhlükəsizlik sahəsindəki münasibətlər, praktiki olaraq, idealdır. Xüsusilə bu, mümkün terror təhlükəsi ilə bağlı məlumat mübadiləsinə aiddir".
"İndi terror təhlükəsi bütün dünyada artır. Rusiya-Azərbaycan münasibətləri bu sahədə çox yaxşı qurulub. Bundan başqa, bizim dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərimiz var. Prezident Vladimir Putin və prezident İlham Əliyev müntəzəm görüşlər keçirərək mühüm məsələləri müzakirə edirlər", — deyə o bildirib.
Markov ölkələr arasındakı hərbi-texniki əməkdaşlığı da mühüm hesab edib: "Bu əməkdaşlıq iki ölkə münasibətlərinin möhkəmləndirilməsi üçün mühüm bənddir. Azərbaycan Rusiyanın hərbi texnikasını alan ölkələrdən biridir. Silah bazarındakı ən son statistikaya görə, Rusiya öz payını sürətlə artırır. Biz artıq Çin və Fransanı geridə qoyub Amerikaya yaxınlaşırıq. Bizim amerikalıları da keçmək üçün şansımız var".
Politoloqun dediyinə görə, əməkdaşlığın daha bir mühüm istiqaməti Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işdir ki, bu məsələ üzrə hər iki ölkənin mövqeyi yaxındır: "Xəzər dənizinin statusunun müəyyən edilməsində Rusiya və Azərbaycanın mövqeləri son illər ərzində yaxınlaşıb və indi onlar, demək olar ki, eynidir. Belə dialoq bu məsələdə ortaq anlaşmaya nail olmaq üçün zəruridir. Biz hüquqi statusunun sonsuz həllini gözləmək istəmirik. Xəzəryanı ölkələr öz sahələrində olan təbii ehtiyatları istismar edə bilər. Bundan başqa, bu sahə İranın təklif etdiyi kimi tam bölünməli deyil. Xəzər dənizinin ortasında bütün xəzəryani ölkələrin istifadə edə biləcəyi ümumi məkan olmalıdır".
"Xəzər dənizi rabitə sahəsində də çox əhəmiyyətlidir. Biz dəniz əlaqələrini yaratmalıyıq. Bundan başqa, İranla birgə yol və avtomobil əlaqələrini də artırmalıyıq", — deyə ekspert əlavə edib.
Tədbirdə iştirak edən Rusiyadakı Azərbaycanın Dostları Qrupunun koordinatoru Darya Qrevçova isə Bakıda keçirilən V Humanitar Forumdan danışıb: "Bu, mənim iştirak etdiyim sayca ikinci forumdur. O, əvvəlki forumdan bir neçə xüsusiyyəti ilə fərqlənir. Birincisi, burada yeni mövzu və yeni iştirakçıların olması məni sevindirdi. Məsələn, jurnalistikaya aid suallara çox yer ayrılıb. Orada xeyli sayda KİV nümayəndələri vardı. Onlar tək forumu işıqlandırmaq üçün deyil, həm də diskussiyalarda iştirak etmək üçün gəlmişdilər".
Koordinatorun sözlərinə görə, sosial şəbəkələrdə ona "orada ermənilər də vardımı?" kimi suallar verilirdi. O isə, onlara belə cavab verib: "Burada, şəhərin mərkəzində erməni kilsəsi qorunub saxlanılır. Bəs Ermənistanda Azərbaycanla bağlı nəsə varmı? Orada azərbaycanlılar varmı?".
Bu cavablardan sonra qeyd olunan hücumlar kəsilib. Qrevçova onu da bildirib ki, Azərbaycan bir çox dövlətlər üçün nümunədir: "Bu forumun ən mühüm cəhətlərindən biri multikulturalizm nümunəsi olmasıdır. Ümumiyyətlə, buradakı multikulturalizm bir çox ölkələr üçün nümunədir. Forum iştirakçıları da qeyd edirlər ki, Azərbaycan bu mövzuda çox böyük irəliləyiş əldə edib və bir çox dövlətlər üçün nümunə göstərir".