"Şübhəsiz ki, iki ölkə arasında intensiv dialoqun olması çox vacibdir. Yəni, son aylar Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin intensivləşməsi göz qabağındadır".
Bu fikirləri professor, media eksperti Qulu Məhərrəmli, "Cənubi Qafqaz" politoloqlar klubunun Sputnik Mətbuat Mərkəzində keçirildiyi və Sergey Lavrovun Bakı səfərinin yekunlarına həsr olunan "dəyirmi masa"da səsləndirib.
"Həm Azərbaycan, həm də Rusiya münasibətlərin yaxşı olmasını istəyir. Nəyin əsasında? Siyasi, iqtisadi münasibətlər, vahid bazar məsələsi, Avrasiya məkanında əməkdaşlıq. Bunlar çox aktual məsələlərdir", — Q. Məhərrəmli bildirib.
Onun sözlərinə görə, heç kim düşünmür ki, Rusiya SSRİ-ni bərpa etmək istəyir: "Heç Çar Rusiyasını da indi bərpa etmək mümkün deyil. Bütün hallarda Lavrovun səfəri, ölkə prezidenti ilə görüşü, Azərbaycan Prezidentinin Rusiyanın xarici siyasəti ilə bağlı söylədiyi ümidverici və nikbin cavablar onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər indi çox yaxşı vəziyyətdədir. Yəni, elə məsələlər var ki, orada Rusiya ilə Azərbaycan eyni mövqedən, maraqdan çıxış edə bilir".
"Reallıq onu göstərir ki, Rusiya bütün hallarda Qarabağ münaqişəsinin həll olunmasının hansısa variantını istəyir və hərbi əməliyyatların aktivləşməsini istəmir. Çünki, aprel hadisələri göstərdi ki, hərbi əməliyyatların genişlənməsi müəyyən dərəcədə Rusiyanın da maraqlarına uyğun deyil", — ekspert bildirib.