BAKI, 30 sen-Sputnik. ABŞ-ın şist nefti istehsalçıları bazara yalnız o vaxt qayıda bilərlər ki, "qara qızıl"ın bir barelinin qiyməti 60 dollara çatsın.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "Lukoyl"un prezidenti Vahid Ələkbərov "Rossiya 24" kanalına müsahibəsində deyib.
"Biz nəzərə almalıyıq ki, bu gün ABŞ-da kəşf olunmuş böyük şist nefti ehtiyatları yalnız qənaətlə nizamlanır. Yəni axtarış potensialının və yaxud avadanlığın olmamasından söhbət gedə bilməz. Əgər qiymət 60 dollara (bir bareli) yaxınlaşsa, əlbəttə ki, yataqların əsas hissəsi yenidən məhsul istehsalına başlayacaq." — Ələkbərov bildirib.
"Mən düşünmürəm ki, bu gün qiymətlər və bizim gözləntilərimiz 50 dollardan çox da uzağa gedəcək. 2017-ci ildə beynəlxalq bazarda bizim gördüyümüz orta qiymət 50 dollar ətrafında, ya da ondan bir az artıq olacaq. " — deyə Ələkbərov əlavə edib.
Daha əvvəl isə jurnalistlərlə bölüşdüyü proqnozunda "Lukoyl"un başçısı demişdi ki, əgər neftin qiyməti 50 dolları keçsə, onda bu qiymətlə şist nefti və şist qazını hasil etmək effektiv olacaq.