BAKI, 29 sen — Sputnik. İki ərini İŞİD yaraqlıları ucbatından itirən iraqlı evdar qadın terrorçularla mübarizə aparmaq qərarına gəlib. Life-ın məlumatına görə, İraqın bir hissəsini ələ keçirdikdən sonra İŞİD silahlıları çoxlu sayda dinc sakini qətlə yetiriblər. Ümm Hanadinin əri də terrorçuların qurbanı olub.
Bir müddətdən sonra qadın ikinci dəfə ərə gedib. Lakin ikinci ərinin də aqibəti eyni olub. Terrorçular Ümm Hanadinin təkcə ərlərini öldürməyiblər. Onun üç qardaşı və atası da terrorun qurbanı olub.
Yaxın adamlarının qətli qadında qisas hissi oyadıb və o, antiterror dəstəsinin döyüşçüsünə çevrilib. İŞİD terrorçularına qarşı amansızlığına görə qadın döyüşçülər arasında böyük nüfuz qazanıb. Hazırda onun başçılığı altında 70-dək əsgər döyüşür. Qadının dəstəsi Mosuldan cənubdakı Şerqat şəhərində mövqe tutur.
Ümm Hanadi çəkinmədən etiraf edir ki, İŞİD üzvlərini onların öz əsirlərinə verdiyi işgəncə metodları ilə cəzalandırır. Evdar qadının terrorçuların kəsilmiş başını qazanda qaynatdığı barədə əhvalat isə xüsusilə tükürpərdici səslənir. Bu, sadəcə qorxulu uydurma deyil. Jurnalistlər Ümm Hanadinin sosial şəbəkədəki səhifəsində onun yaraqlılara qarşı qəddarcasına davranışlarını sübut edən şəkilləri görüblər.
"Məni İŞİD-in ali rəhbərliyi, eyni zamanda Əbu Bəkr əl-Bağdadi (terror təşkilatının rəhbəri) şəxsən hədələyib. Mən terrorçuların ən çox axtardıqları insanların siyahısındayam. Bu siyahıda, hətta İraq baş nazirindən də öndəyəm", — deyə Ümm Hanadi bildirir.
Keçmiş evdar qadına qarşı artıq bir neçə sui-qəsd olub və onun bədənində çoxsaylı qəlpə yerləri var. Lakin o, terrorçuların məhv ediləcəyinə ümidini itirmir. Ümm Hanadinin sözlərinə görə, hətta o, həlak olsa belə, terrorçularla mübarizəni onun iki qızı davam etdirəcək.