Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hökumət xərclər siyasətini sərtləşdirir - yəni?

© Sputnik / Murad OrujovÜnvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli
Ünvanlı sosial yardımın ödənilməsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər maliyyə nazirinin açıqlamalarını gələcək sıxıntıların siqnalı kimi dəyərləndirirlər

BAKI, 29 sen — Sputnik. "Gələn il xərclər siyasətimiz daha sərt olacaq. Hazırda daha səmərəli xərclərə üstünlük verilir. Xərclərin optimallaşdırılması, ixtisarı istiqamətində də mühüm tədbirlər görüləcək".

Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. 2017-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, bütün dövlət vəzifələrinin yerinə yetirilməsi üçün vəsait nəzərdə tutulub: "Lakin nəzərə alsaq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, çalışmalıyıq ki, xərclərimizi gəlirlərimizlə uzlaşdıraq. Xərclərimiz gəlirlərlə ayaqlaşmalıdır. Xərclər siyasətimiz daha sərt olacaq. Bununla əlaqədar gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. 1,5 mlrd. manat həcmində azalmadan söhbət gedir. Həm gömrük daxilolmaları, həm də bir qədər vergi daxilolmaları artacaq".

S.Şərifov bildirib ki, xarici öhdəliklər tam şəkildə həyata keçiriləcək: "Bu, həm xarici borca, həm də beynəlxalq öhdəliklərə aiddir. Xərclər tam təmin olunacaq".

O, gələn il sosial xərclərin büdcənin böyük bir hissəsini təşkil edəcəyini, xüsusi çəkiyə malik olacağını da qeyd edib. Nazirin sözlərinə görə, bunun həyata keçirilməsi üçün maliyyə təminatı yaradılır.

"Söhbət həm ünvanlı sosial yardım, həm məcburi köçkünlərə verilən müavinətlər və həm də digər sosial ödənişlərdən gedir. Dünyada gedən prosesləri nəzərə almalıyıq. Dünyada isə qeyri-müəyyənlik davam edir. Qlobal iqtisadiyyatda qeyri-bərabər trendlər mövcuddur. Bunları nəzərə alaraq çalışmalıyıq ki, iqtisadiyyatımıza xaricdən təsir edən mənfi amilləri mümkün qədər neytrallaşdıraq. Bu istiqamətdə bir çox işlər görülüb. Cari il büdcə sektorunda çalışanların əmək haqqı artırılıb. Şübhəsiz ki, 2017-ci ildə də əmək haqlarının artımı ilə bağlı büdcədə maliyyə təminatını yaratmalıyıq. Bu işlər büdcədə öz əksini tapıb", — nazir vurğulayıb.

© Photo : Qalib Togrulİqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul - Sputnik Azərbaycan
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul

S. Şərifovun açıqlamalarını Sputnik-ə şərh edən İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrulun fikrincə, böhran dövründə büdcə xərclərini azaltmaq siyasəti çox çətindir, nəinki iqtisadiyyatın normal inkişaf etdiyi, gəlirlərin azalmadığı bir dövrdə: "Çünki, belə bir zamanda böhran həm əhalinin alıcılıq qabiliyyətinə təsir edir, həm də işsizlərin sayı artır. Bu da problemlər yaradır. Büdcəyə nəzər salsaq, görərik ki, büdcədə əsas xərclərimiz sosial, idarəetmə aparatının saxlanması və hərbi xərclərdir. İxtisardan söhbət gedirsə, yəqin bunların hamısında azalma olacaq".

"Amma sosial xərclərdə əhəmiyyətli dərəcədə azalma olmayacaq. Adətən böhran dövründə sosial xərcləri azaldanda çalışırlar ki, müəyyən ünvanlı sosial ödəmələrdən istifadə olunsun. Necə ki, bizdə ünvanlı sosial yardım sistemi var. Yəni, birbaşa kimin yardıma ehtiyacı varsa, ona çatsın. Təəssüf ki, bizdə bu sistem 2006-cı ildən var, amma düzgün işləmir. Ora ayrılan vəsaitin əksəriyyəti gedib hədəfə çatmır", — ekspert bildirib.

Onun sözlərinə görə, investisiya xərcləri ilə bağlı müəyyən azalmalar olacaq: "Eyni zamanda, idarəetmə xərcləri ilə bağlı azalmaların olmasını gözləyirəm. Ola bilər, səhiyyə xərcləri ilə bağlı da azalmalar baş versin".

Q. Toğrul düşünür ki, Dövlət Neft Fondundan transfertin azalması siyasəti çoxdan olmalı idi: "Büdcə gəlirlərimizin yüksək olduğu dövrlərdə olmalı idi. Təəssüf ki, indiyədək daxil olmuş vəsaitlərin çox böyük hissəsini xərcləmişik. O vəsaitlərə adətən xaricilər "təhlükəsizlik yastığı" deyirlər. Böhran vəziyyəti olanda bundan istifadə edilir".

"Maliyyə nazirinin fikri ilə razıyam ki, biz əsas diqqəti gömrük və vergi daxilolmalarının artmasına yönəltməliyik. Amma bunun arxasında real iqtisadiyyat dayanmalıdır. Daxilolmalar o vaxt arta bilər ki, ölkədə islahatlar sürətlə aparılsın, sahibkarlıq mühiti yaxşılaşdırılsın, maneələr azaldılsın. Sahibkar da işini düzgün qura bilsin, vergi ödənişlərini vaxtında edə bilsin", — iqtisadçı əlavə qeyd edib.

© Sputnik / Murad OrujovFuad Əlizadə, iqtisadçı-ekspert
Fuad Əlizadə, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Fuad Əlizadə, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Fuad Əlizadə də Sputnik-ə açıqlamasında deyib ki, gəlirlərin azalması səbəbindən Azərbaycan sərt maliyyə siyasəti həyata keçirməyə başlayıb: "İndiki şəraitdə qarşısında öhdəlik götürdüyü beynəlxalq layihələr, dövlət borcunun ödənilməsi və müxtəlif təşkilatlara ödəmələr dövlət üçün prioritetdir. Dövlət Neft Fondundan büdcəyə transfertlərin azalması onu deməyə əsas verir ki, hökumət gələn il dövlət büdcəsindən maliyyələşən müxtəlif investisiya layihələrinə olduqca seçimlə yanaşacaq".

"Bu, həm də onunla bağlıdır ki, iri layihələrin həyata keçirilməsi milli iqtisadiyyata iri məbləğdə maliyyə qoyuluşu tələb edir. Bu isə öz növbəsində manata təzyiq edir və onu zəiflədə bilər", — mütəxəssis qeyd edib.

Gələn il maaşların və pensiyaların artırılması məsələsinə gəlincə: "Onsuz da indiki halda alınan pensiya və maaşlar qiymət artımına uyğun deyil və normal yaşayış kriteriyaları üçün kifayət etmir".

Xəbər lenti
0