BAKI, 28 sen — Sputnik. Sentyabrın 29-u bütün dünyada "Dünya Ürək Günü" kimi qeyd ediləcək. Bu günlə əlaqədar olaraq Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti ölkəmizdə bir sıra tədbirlər həyata keçirir.
Sputnik xəbər verir ki, 29 sentyabrda "Park Bulvar", 30 sentyabrda "Metropark" AVM-də "Sağlam Ürək Həftəsi" çərçivəsində aksiyalar keçiriləcək. Aksiyalar zamanı "Dünya Ürək Günü"nün mahiyyəti, ürək sağlamlığının qorunması üçün vasib olan amillər barədə ictimaiyyətə məlumat veriləcək, alış-veriş mərkəzlərində insanların ilkin tibbi müayinəsi, qanda şəkərin və xolesterolun miqdarı ölçüləcək, ürək sağlamlığının qorunması üçün tam ödənişsiz həkim məsləhətləri veriləcək.
Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə "Həyatına enerji qat!" adlı beynəlxalq elmi-praktiki konfrans təşkil edəcək. Konfrans Park İnn otelində baş tutacaq və saat 12:00-da başlayacaq.
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Kamran Musayev Sputnik-ə bildirib ki, konfransda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak edə biləcəklər: "Konfransda qardaş Türkiyədən dəvət etdiyimiz professor heyəti də iştirak edəcək. Kardiologiyanın və kardiocərrahiyyənin ən aktual məsələlərini yerli və qonaq kolleqalarımızla müzakirə edəcəyik. Bu sahədə ən yeni trendlərin müzakirəsinin konfransda iştirak edəcək həm paytaxt Bakıda, həm də regionlarda fəaliyyət göstərən həkim kolleqalarımıza faydalı olacağını düşünürəm".