İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 27 sen — Sputnik. Ötən həftə Səhiyyə Nazirliyi KİV nümayəndələri üçün Göygöl-Gəncə-Yevlax şəhərlərinə media-tur təşkil etmişdi. İlk səfərimiz Göygöl Nərkəzi Xəstəxanasına oldu. Xəstəxananın baş həkimi Hamlet Ömərovun sözlərinə görə, Göygöl Mərkəzi Xəstəxanası 1930-cu ildən fəaliyyət göstərir.
"Əvvəllər xəstəxanaya bir ildə 3000-ə yaxın xəstə daxil olurdu. Bu korpus tikildikdən sonra vəziyyət xeyli dəyişib. Məsələn, 2015-ci ildə 5300-ə yaxın xəstə müraciət edib. 2007-ci ildə bir ildə 400-ə yaxın körpə dünayaya gəlirdisə, 2015-ci ildə xəstəxanamızda 2038 körpə dünyaya gəlib. 2007-ci ildə cərrahiyə şöbəsində cəmi 400-500 cərrahi əməliyyat aparılırdısa, 2015-ci ildə 1670 cərrahi əməliyyat aparılıb. Əvvəllər xəstəxana 385 çarpayılıq olub. Aparılan islahatlardan sonra çarpayıların sayı 181-ə endirilib, əvəzində xəstələrə qulluq səviyyəsi yüksəldilib", — H. Ömərov bildirib.
Göygölün 60 min nəfər əhalisinin olduğunu deyən baş həkimin sözlərinə görə, onlardan 47 mini nəfərinin yaşı 18-dən yuxarıdır: "Onlardan da 38 mini tibbi müayinəyə cəlb olunub. Tibbi müayinələr nəticəsində aşkarlanan xəstələrin əksəriyyəti ambulator və stationar müalicəyə cəlb edilib. Bu xəstələrdən cəmi 21 nəfəri Bakı şəhərinə müalicəyə göndərilib".
Göygöl Mərkəzi Xəstəxanasının müasir avadanlıqlarla təchiz edilməsi rayonda 1 yaşına qədər uşaq ölümünün azalmasına səbəb olub. Artıq 2 ildir ki, rayonda doğuş zamanı ana ölümü qeydə alınmır. Digər endokrin xəstələrin aşkarlanması və onların müalicəsi, uşaqlara peyvəndlərin vurulması sahəsində də işlər görülür.
Ümumi peyvəndləmə prosesinin səviyyəsi 97, 8 faiz təşkil edir. Göygöl rayonunda qarayara, göyöskürək, tetanus və digər infeksion xəstəliklər müşahidə olunmur. Rayonda ilkin malyariya xəstəliyi də aşkar edilməyib.
Bununla belə, baş həkim hazırda xəstəxanada kadr çatışmazlığının yaşadığını qeyd edib: "Bu gün 34 həkim yeri vakansiyası, eləcə də 30 nəfərə yaxın orta tibb işçisi vakansiyası var. Xəstəxanada həkimlərin ümümi ştat yeri 124 olsa da, faktiki olaraq 78 həkim çalışır. 230-a yaxın tibb işçisi yeri olsa da, 30-a yaxın vakant yer var. Kadr çatışmazlığı olsa da, bu, bizim işimizə ciddi mənfi təsir göstərmir. Ancaq bizim bəzi məntəqələrimiz var ki, həkim çatışmazlığı var. Belə ki, 10 məntəqədən cəmi 3-də həkim var".
Göygölün ardınca Yevlax Rayon Mərkəzi Xəstəxanasına yolandıq. Xəstəxananın baş həkimi İlhami Quliyevin sözlərinə görə, xəstəxana binası 2013-cü ildə tikilərək istifadəyə verilib: "Xəstəxana 176 çarpayılıqdır. Burada terapiya, cərrahiyə, doğum, ginekologiya, poliklinika və digər şöbələr fəaliyyət göstərir. İl ərzində xəstəxanaya 3500-4000 nəfər xəstə müraciət edir. Bu xəstələrdən cəmi 94 nəfəri Bakı və digər regionlara müalicə üçün göndərilib. Göndərilən xəstələrin çoxu onkoloji və vərəm xəstələri olub".
Dediyinə görə, son zamanlar xəstəxanaya daha çox onkoloji xəstələr müraciət edirlər: "Onların sayında artım müşahidə edilir. Ürək-damar xəstəlikləri də artan sıradadır. Xəstəxanamızda 218 həkim və 564 tibb işçisi çalışır".
"7 ilə yaxındır ki, Yevlax Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınmayıb. Çünki son zamanlar qadın məsləhətxanası işi gücləndirilib. Kəndlərdə və şəhərin mərkəzində, tərkibində mama-ginekoloq, terapevt, pediatr, səyyar labaratoriya mütəxəssisləri olan həkim briqaları var. Bu həkim briqadaları hər 3 aydan bir yerlərdə patologiyalı hamilələri aşkarlayıb, onlar üçün lazımı tədbirləri görürlər. Bu da ana ölümünün qarşısını almağa kömək edir", — İ. Quliyev qeyd edib.
Media-tur çərçivəsində Gəncə şəhərinin Səhiyyə İdarəsində mətbuat konfransı da keçirildi. Tədbirdə Gəncə şəhər xəstəxanalarının baş həkimləri çıxış edərək real vəziyyət haqqında söz açdılar.