BAKI, 27 sen — Sputnik. Xəbər verdiyimiz kimi, ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp, seçiləcəyi təqdirdə Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyacağını deyib. "Independent" qəzetinin yazdığına görə, Tramp bu sözlərini İsrailin baş naziri Benyamin Netanyahu ilə Nyu-Yorkdaki görüşü zamanı deyib.
Amerikalı siyasi analitiklər respublikaçı namizədin bu sözlərini seçki öncəsi kampaniya kimi dəyərləndirərək, Donald Trampın yəhudi lobbisini öz tərəfinə çəkməyə çalışdığını bildiriblər.
D.Trampın açıqlamasına rəsmi Təl-Əvivin reaksiyası gecikməyib. "Hörmətli Donald Tramp, müqəddəs Qüds şəhərinin yəhudi xalqının 3000 il ərzində əbədi paytaxtı olduğunu etiraf edib. Amerika, Tramp administrasiyası dövründə nəhayət ki, Konqresin Qüdsün İsrailin ayrılmaz paytaxtı kimi tanınması qərarını təsdiqləyəcək" — deyə, İsrail hökumətinin bəyanatında qeyd olunur.
Bu məsələni Sputnik-ə şərh edən türkiyəli jurnalist-yazar Ömər Dinçər, Qüds məsələsinin çox təhlükəli olduğunu və bunu ən yaxşı Donald Trampın özünün bildiyini qeyd edib: "Ümumiyyətlə bu müqəddəs şəhər uğrunda mübarizə əsrlərdir davam edir. Müsəlmanlar və xristianlar Qüdsə nəzarət edə bilmək uğrunda tez-tez üz-üzə gəliblər. Yəhudilərin bu işə çox baş qoşmamalarının səbəbi sayca az olmaları idi. Qüdsün idarəçiliyi yarım əsrdən çoxdur ki, xristianlar tərəfindən müsəlmanlardan alınaraq yəhudilərə verilib. Ancaq bu şəhər əsrlərlə müsəlmanların idarəçiliyində olub".
"Təkcə Osmanlıların altı əsrlik hakimiyyətlərini demək kifayət edər məncə. Hətta indinin özündə belə, Qüdsə tam nəzarət yəhudilərdə deyil. Mübarizə hələ də davam edir. Hazırda müharibələrə son qoyacaq ən yaxşı həll yolu şəhərin şərq hissəsinin Fələstinlilərə, qərbinin isə yəhudilərə verilməsidir. Bu, ən doğru formatdır", — politoloq bildirib.
Onun sözlərinə görə, dünya liderləri də bu həll yolunu dəstəkləyirlər: "Ancaq İsrail tərəfi Qüdsə bütövlükdə sahib olmağı arzu edir. Donald Trampın bütün dünyanı qarşısına alıb, Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını zənn etmirəm. Çünki bu qərarın nə qədər təhlükəli olduğunu ən yaxşı Donald Tramp özü bilir".
Amerikalı namizədin Qüds şəhəri ilə əlaqəli dediklərini Sputnik üçün şərh edən politoloq Fikrət Sadıxov isə hesab edir ki, Donald Trampın bu cür bəyanatlar səsləndirməsi normaldır: "Seçki kampaniyası dövründə Tramp müxtəlif qalmaqallı cümlələr sərf edib. Müsəlmanlara qarşı radikal, irqçi fikirlər səsləndirib, o cümlədən Rusiya ilə münasibətlərin yaxşılaşmalı olduğunu bəyan edib. Hətta Kreml rəhbəri Vladimir Putin barəsində amerikalıların əksinə olaraq müsbət cümlələr işlədib. Həmçinin də daxili siyasətdə məntiqə uyğun olmayan bəyanatları vaxtaşırı səsləndirib".
Qüds məsələsinə gəlincə: "Reallıq ondan ibarətdir ki, İsrail çoxdan bu şəhəri öz paytaxtı elan edib. Hətta bir sıra nazirliklər, səfirliklər orada məskunlaşıb. Müxtəlif rəsmi görüşlərdə, yazışmalarda İsrail Qüdsü öz paytaxtı kimi təqdim edir. Ona görə də, belə bir konteksdə Trampın Qüds barədə dedikləri çox da təəccüblü deyil".
Politoloqun fikrincə, həm də nəzərə alınmalıdır ki, Tramp yəhudi lobbisi ilə sıx əlaqədədir, onun ciddi dəstəyini alır: "Bu da bir reallıqdır ki, istər ABŞ-ın hərbi sənaye sektorunda olsun, istərsə də siyasətində, yəhudilərin gücü hədsiz dərəcədə çoxdur və gedişata ciddi təsir göstərə bilirlər".