Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Manat üzüaşağı "üzməyə" davam edəcək

© Sputnik / Farid BabayevManat
Manat - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər rəsmi açıqlamalardan bir qənaətə gəliblər: "Kəskin devalvasiya ertələnir, lakin manatın tədrici dəyər itirməsi qaçılmazdır"

BAKI, 27 sen — Sputnik. Azərbaycanda bu ilin sonuna qədər dolların məzənnəsində kəskin dəyişikliklər olmayacaq. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Manatın məzənnəsi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Mərkəzi Bank devalvasiyanın qarşısını ala bilməz"

Bu il manatın cəmi 5% dəyərdən düşdüyünü deyən E. Rüstəmov dünyanın heç bir yerində sabit məzənnə rejiminin mövcud olmadığını, Azərbaycanda manatın məzənnəsinin dayanıqlılığının təmin edilməsinə çalışdıqlarını, bu məsələyə xarici amillərin təsir etdiyini bildirib. AMB sədri manatın məzənnəsinin dayanıqlılığının biznes mühitini yaxşılaşdıracağını, investisiya qoyuluşunu ucuzlaşdıracağını da qeyd edib.

"Ölkəyə xarici valyutada daxilolmalar və ölkədən çıxarılan valyutanın həcmində müəyyən tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq". Bunu isə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Azərbaycanın bazar iqtisadiyyatında yaşadığını xatırladan nazir vurğulayıb ki, buna uyğun olaraq manatın məzənnəsi öz həllini tapacaq: "Mərkəzi Bank da prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir. Ölkəyə valyuta daxilolmaları və ölkədən çıxarılan valyutanın həcmində müəyyən tarazlıq baş verməlidir. Tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq".

Onun sözlərinə görə, hazırda valyutada daxilolmalar azalıb, buna baxmayaraq Mərkəzi Bank tərəfindən keçirilmiş 2 devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya salınması yolunda işlər görülüb: "Bu proses bir neçə amildən asılıdır. Bizim əsas ixrac məhsulumuz sayılan neftin qiymətinin yüksək olması manatın məzənnəsinə müsbət təsir edəcək, möhkəmlənəcək. Neftin qiyməti azaldıqda isə əksi baş verir. Bu gün çalışmalıyıq ki, idxal əməliyyatları azalsın, daha çox öz məhsullarımızdan istifadə edək".

Nazir bildirib ki, hökumətə idxalın əvəzləşdirilməsi, ölkədə əvəzedici istehsalın yaradılması tapşırılıb: "Bu, idxaldan asılılığı azaldacaq. Ölkədən xarici valyutanın çıxmasının qarşısını alacaq. Digər tərəfdən, çalışmalıyıq ki, ölkəyə daha çox valyuta daxil olsun. Neft ənənəvi ixrac məhsulumuz olaraq qalacaq. Bununla yanaşı çalışmalıyıq ki, daha geniş çeşiddə ixrac məhsullarımızı xarici bazarlara çıxaraq. Bu iki vəzifə həll olunduqca manat nəinki ucuzlaşacaq, hətta gələcəkdə bunun bir qədər möhkəmlənəcəyini söyləmək üçün əsaslar yaranacaq".

Sözügedən rəsmi açıqlamaları Sputnik-ə şərh edən, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov, Mərkəzi Bankın sədrinin çıxışından tədricən devalvasiya olacağı qənaətini hasil edib: "Yəni, kəskin, qəfil devalvasiya olmayacaq. Bu da gözləniləndir. Son günlər manatın, guya möhkəmlənməsi heç kəsi aldada bilməz. Yəni, manatın devalvasiyası qaçılmazdır. Bu da ölkəyə dollar gəlirlərinin azalması ilə bağlıdır".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

"Tədricən devalvasiya yaşanacaq. Amma dünyada neftin qiyməti kəskin ensə, kəskin devalvasiya ola bilər. Elman Rüstəmov və Samir Şərifovun çıxışından belə başa düşmək olar ki, devalvasiya olacaq, amma tədricən. Xüsusən də bu, ilin sonunda güclənə bilər. Çünki, həm milli valyutanın kütləsi artacaq, yəni Mərkəzi Bank banklara kreditlər verəcək, həm də bankların, sahibkarların xaricə ödənişləri artacaq və dollara tələbat da artacaq", — Ə. Həsənov vurğulayıb.

İqtisadçı-ekspert Samir Əliyev də şəxsi "Facebook" səhifəsində rəsmilərin fikirlərinə rəy bildirib: "Dünən maliyyə naziri və baş bankir manatın durumu ilə bağlı qısa olsa da, maraqlı açıqlamalar verdilər. Bu açıqlamalardan aşağıdakı nəticələrə gəldim:

1. Manat "üzən məzənnə"yə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur;
2. Manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər;
3. Hökumət kəskin devalvasiyaya imkan daxilində getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək;
4. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək;
4. Mərkəzi Bankın pul kütləsini artırmaq niyyəti yoxdur. Hətta bu, baş versə belə, digər alətlər vasitəsilə (məsələn, depozit hərracı) bazara yol tapmasına imkan verməyəcək;
5. Dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək;
6. İdxal müxtəlif üsullarla məhdudlaşdırılacaq;
7. Əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq".

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

S. Əliyevin fikrincə, burada yeni fikirlər yoxdur, ekspertlər həmişə bu fikirləri səsləndiriblər: "Maliyyə kapitanlarının fikirlərində isə ehtiyatlılıq kifayət qədər sezilirdi. Xüsusən də manatın məzənnəsinə münasibətdə. Ancaq Mərkəzi Bankın rəhbərinin "məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir" fikrinə rəğmən maliyyə nazirinin manatın möhkəmlənəcəyi ilə bağlı ümidləndirici fikri diqqətdən kənarda qala bilməzdi".

"Əslində maliyyə naziri də bunun ancaq bir sıra şərtlər daxilində mümkünlüyü qeyd edib. O şərtlər isə hazırda yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Yeganə şərt olan neftin bahalaşması hələ ki real görünmür. Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir", — ekspert vurğulayıb.

Xəbər lenti
0