BAKI, 27 sen-Sputnik. Referendum günü ölkə üzrə seçici fəallığı yüksək olub, bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar istisna olmaqla ciddi qanun pozuntusu qeydə alınmayıb. Qeydə alınan bəzi texniki çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun nəticələrinə təsir etmək gücündə olmayıb.
Sputnik xəbər verir ki, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bəyanatında deyilir.
Assosiasiyanın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, AVCİYA Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun qanunvericiliyə uyğun olaraq, şəffaf, ədalətli keçdiyini, ictimai-siyasi mühitin əvvəlki illərlə müqayisədə daha konstruktiv, daha stabil və demokratik olduğunu bildirir.
Qeyd edilib ki, referendum günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə AVCİYA seçki qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edilib.
Assosiasiya referendumun Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunması, dövlət təhlükəsizliyi və müdafiəsinin daha səmərəli təşkili, insan haqlarının müdafiəsi, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlətin daha da güclənməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm mərhələ olduğunu bəyan edir.