BAKI, 26 sen — Sputnik. Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə yekun seçici fəallığı açıqlanıb.
Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 7 nəfər səs verib.
Beləliklə, referendumda seçici fəallığı 69,7% təşkil edib.
Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.
Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.