BAKI, 26 sen — Sputnik. Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) başa çatıb. Sputnik xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 17:00-a qədər referendumda respublika üzrə seçicilərin 63,6 faizi — 3 348 535 seçici səs verib.
Referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. Seçkiləri 53 min 531 yerli müşahidəçi izləyib. Referendum baş tutub.
Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.
Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.