Lakin Obama administrasiyası Ukraynaya silah təchizatının əleyhinə çıxışlar edib. Belə ki, bu, çox qəliz məsələdir və Rusiya ilə ABŞ münasibətlərinə mənfi təsir edə bilər.
Digər tərəfdən isə, Vaşinqton Moskvanı narahat etməmək üçün hər üsula əl atır. Bunun bir çox aydın səbəbləri var. İlk növbədə bu, Amerikanın xarici siyasətdəki uğursuzluğu ilə bağlıdır. Məsələn, Avropa getdikcə ABŞ-ın yükündən azad olub öz ordusunu yaratmaq haqda düşünür. Bundan başqa, Amerikanın bütün anti-terror strategiyası fiaskoya uğrayır.
Rusiya isə əksinə, öz fəal və şəffaf siyasəti nəticəsində beynəlxalq arenada xal toplayır. ABŞ KİV-ləri yazır ki, Rusiya və onun prezidentinin populyarlığı ümumiyyətlə tək dünyada deyil, Birləşmiş Ştatların özündə də artır. Bunun qarşısını almaq üçün nəsə etmək lazımdır və çıxış yollarından biri Ukrayna qismində "anti-Rusiya" yaratmaqdır.
Lakin bu işlər də yaxşı getmir. Qərbin Ukrayna üçün ayırdığı vəsaitlər əriyir. Bu səbəbdən də ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr Poroşenkonu siyasi və iqtisadi islahatları fəal şəkildə davam etdirməyə çağırıb. Bayden xəbərdarlıq edib ki, əks halda bir sıra Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaları aradan qaldıra bilər.
Bayden, beynəlxalq əlaqələr şurasının Nyu-Yorkda keçirilən iclasında çıxış edərkən qeyd edib ki, əgər Ukrayna bəhanə versə, hazırda sanksiyaları qaldırmağa hazır olan beş belə ölkə var. Onun sözlərinə görə, Ukrayna böhranından bu yana hər həftə Ukrayna rəhbərliyinə 3-4 dəfə telefon açır, həmçinin Almaniya, Fransa və İtaliyanı sanksiyaları saxlamağa çağırır.
Bu narahatlıq başadüşüləndir. Qərbin ayırdığı pullar bir məqsədə — Avropaya daxil olan, Rusiyadan təmamilə ayrılmış və ona qarşı çıxan uğurlu bir dövlətin yaranmasına xidmət etməlidir. Lakin bu, sadə bir məsələyə görə baş vermir — ayırılan bütün vəsaitlər oğurlanır.
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə Ukrayna prezidenti Pyotr Poroşenkonu daha da məyus edib. Belə ki, Poroşenkonun BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka getdiyi zaman, onun Donald Tramp və Hillari Klintonla görüşü nəzərdə tutulurdu. Lakin milyarderin administrasiyasının qərargahı heç bir rəsmi cavab vermədən Poroşenkonun görüş tələbini rədd edib.
Qeyd edək ki, Donald Tramp Ukraynaya silah verilməsinin əleyhinə olduğunu bəyan edib. Onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klinton isə prezident seçiləcəyi halda Kiyevi silah-sursatla təchiz edə biləcəyini bildirib.
Xatırladaq ki, rəsmi Moskva ABŞ-ın Ukraynaya silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.